“Tramp administrasiyası bu məsələdə Ukraynaya kömək edə bilər” – Blinken 

Jan 17, 2025 - 11:30
“Tramp administrasiyası bu məsələdə Ukraynaya kömək edə bilər” – Blinken 

“Donald Trampın rəhbərliyi altında Ağ Evin yeni administrasiyası Rusiya ilə müharibəni dayandırmaq və uzunmüddətli sülhün bərqərar olması naminə Ukraynaya yaxşı saziş bağlamağa kömək etmək üçün lazımi ilkin şərtlərə malikdir”.

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken mətbuat konfransında bildirib. 

“Hesab edirəm ki, yeni administrasiya elə bir mövqedədir ki, ukraynalılar nə vaxt və əgər istəsələr, və qərar versələr (danışıqlar aparmaq – red.) yaxşı razılaşma əldə etməyə kömək edə bilər”.

 Dövlət katibi qeyd edib ki, yaxşı saziş üçün sabit, uzunmüddətli və Putinə istirahət, yenidən silahlanma və təcavüzə qayıtmaq imkanı verməyən atəşkəsə nail olmaq lazımdır. 

“İstənilən atəşkəs onun (Putinin – red.) yenidən hücuma keçməsinin qarşısını almaq üçün lazım olan effektiv çəkindirməni ehtiva etməlidir”, - deyə Blinken əlavə edib.

Blinkenin sözlərinə görə, bunun çoxlu üsulları var və indiki administrasiya onları avropalı tərəfdaşlarla müzakirə edib, eləcə də gələcək Tramp administrasiyası ilə bölüşüb.

Dövlət katibinin fikrincə, Co Bayden administrasiyası Putinin Ukraynanı xəritədən silmək, Rusiyanın tərkibinə daxil etmək kimi imperiya planının həyata keçirilməsinin qarşısını almaqda Ukraynaya kömək edib.

Blinken diqqətə çatdırıb ki, indiki administrasiyanın Rusiyanın üzərinə qoyduğu yük getdikcə ağırlaşır və Rusiya iqtisadiyyatına təsiri artıq nəzərə çarpır: “Bütün bunlardan ən vacibi isə Ukrayna ayaq üstə qala bilir”.

Sonda dövlət katibi bildirib ki, ABŞ-nin növbəti rəhbərliyinin bu sahədə əvvəlki bütün nailiyyətləri həyata keçirə və Ukraynanın nəinki salamat qurtulmasını, həm də həqiqətən də çiçəklənməsini təmin edə biləcəyinə ümid edir. 

Xatirə SADİQ