“Tramp buna nail olsa, Nobel mükafatına namizəd olmalıdır” - Zelenski 

ABŞ prezidenti Donald Tramp ölkəsinin texniki səviyyədə işləyəcəyini və Ukraynanın zərbə məsafəsinin artırılması imkanlarını nəzərdən keçirəcəyini ukraynalı həmkarı Volodimir Zelenskiyə bildirib.

Oct 9, 2025 - 13:35
“Tramp buna nail olsa, Nobel mükafatına namizəd olmalıdır” - Zelenski 

SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalislərlə ünsiyyəti zamanı danışıb. 

Ukrayna liderinin sözlərinə görə, bu məsələni ilk dəfə amerikalı həmkarı ilə ötən payızda müzakirə edib. “Prezident Tramp seçki prosesində olarkən mən bu məsələni Nyu-Yorkda qaldırmışdım. Onunla son görüşümüzdə “yox” eşitmədim. Amma eşitdim ki, texniki səviyyədə işləyəcəklər və bu imkanı nəzərdən keçirəcəklər”, - deyə Zelenski vurğulayıb. 

Zelenski nəzərə çatdırıb ki, ölkəsini gücləndirə biləcək variantlardan biri “Tomahavk” raketidir və belə silahlar rusları “ayılmağa” və danışıqlar masası arxasına əyləşməyə məcbur edə bilər. 

“Əgər atəşkəs olarsa, dediyim kimi, bu fakt sonradan razılığa gəlmək, plan qurmaq imkanlarına təsir edəcək. Müharibəyə son qoymaq planı sadə olmayacaq, amma bu, mütləq gediləcək yoldur”, - deyə Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, Tramp dünyaya belə atəşkəsə nail olmağa imkan yaradarsa, onun Nobel mükafatına namizədliyi irəli sürülməlidir. “Biz onun namizədliyini Ukrayna adından irəli sürəcəyik”, - deyə Zelenski əlavə edib.

Xatirə SADİQ