Tramp G7 sammitini təcili tərk etdi
ABŞ prezidenti Donald Tramp G7 sammitini təcili tərk edərək Vaşinqtona qayıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN Ağ Evin mətbuat katibi Kerolayn Livittin “X” şəbəkəsində yazdığı mesaja istinadən məlumat yayıb.
Ağ Evin sözçüsü qeyd edib ki, Tramp Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammitində iştirakını qısaltmağı planlaşdırıb.
“Prezident Tramp G7 sammitində gününü gözəl keçirdi, hətta Birləşmiş Krallıq və baş nazir Kir Starmer ilə mühüm ticarət sazişi imzaladı. Çox şey əldə olunub, lakin Yaxın Şərqdə baş verənlərə görə prezident Tramp bu gecə dövlət başçıları ilə şam yeməyindən sonra yola düşəcək”, - deyə Livitt vurğulayıb.
CNN xatırladıb ki, əslində Trampın mətbuat konfransından sonra çərşənbə axşamı Kanadanı tərk edəcəyi gözlənilirdi.
Telekanal onu da diqqətə çatdırıb ki, Trampın təcili sammiti tərk edəcəyi barədə Ağ Evin məlumat yaymasından öncə ABŞ prezidenti İran və İsrail arasında gərginliyin artması fonunda “Truth Social” şəbəkəsində belə mesaj yerləşdirib: “Hamı Tehrandan dərhal təxliyə olunmalıdır!”.
CNN sonra qeyd edib ki, Tramp özü Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Vaşinqtona mümkün qədər tez qayıtmalı olduğunu təsdiqləyib.
Xatirə SADİQ