Tramp infrastruktur maliyyələşdirməsini təhlükə altına qoyub
Donald Trampın Ağ Evə qayıtması 300 milyard dollardan çox potensial federal infrastruktur maliyyələşdirməsini təhlükə altında qoyub.
SAVASHMEDİA.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, amerikalı sərmayədarlar Co Baydenin iqlim gündəmindən imtina üçün Trampın atdığı addımların miqyasını belə qiymətləndiriblər.
Qeyd edək ki, andiçmə mərasimindən bir neçə saat sonra Tramp sələfinin siyasətlərini dəyişdirən, o cümlədən istehsalçılara və infrastruktur tərtibatçılarına federal ödənişləri dayandıran sərəncamlar imzalayıb.
Enerji Nazirliyinin kredit portfelini təhlil edən “Financial Times” nəşrinə görə, bu vəsait Baydenin qanunvericilik sahəsində əldə etdiyi iki nailiyyət – İnflyasiyanın azaldılması haqqında qanun və infrastruktur haqqında ikipartiyalı qanun çərçivəsində təqdim edilib. Enerji Nazirliyinin artıq razılaşdırılmış kreditlərinə təxminən 50 milyard dollar daxildir, 280 milyard dollarlıq vəsait isə baxılmaq mərhələsindədir.
Hazırda təhlükə altında olan ödənişlər arasında Miçiqan ştatında yerləşən “DTE Energy”yə ayrılan 9 milyard dollar şərti kredit və Oreqon ştatında yerləşən “PacifiCorp”a ayrılan 3,5 milyard dollar şərti kredit var.
Sərmayədarlar bildiriblər ki, Trampın qərarı üzündən gələcək federal maliyyənin daha 300 milyard dollarının – əsasən, infrastruktur qanun layihəsi hesabına – dondurulacağından da ehtiyatlanırlar.
Xatirə SADİQ