Slovakiya baş naziri Təhlükəsizlik Şurasının iclasını çağırdı  

Fitso hesab edir ki, həmin qrup hökumət binalarını, parlamenti və prezident sarayını ələ keçirməklə dinc aksiyaya son qoymağı planlaşdırır. 

Jan 22, 2025 - 14:24
Slovakiya baş naziri Təhlükəsizlik Şurasının iclasını çağırdı  

Slovakiya İnformasiya Xidmətinin (SIS) ölkədə sabitliyi pozmağa yönəlmiş uzunmüddətli mütəşəkkil təsir əməliyyatı haqqında məlumatı ilə əlaqədar ölkənin baş naziri Robert Fitso yanvarın 23-də Təhlükəsizlik Şurasının iclasını çağırıb.

SAVASHMEDİA.az “TASR”a istinadən xəbər verir ki, bunu Fitso mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclas prezident Peter Pelleqrini və parlament rəhbərliyinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Baş nazir iddia edib ki, Slovakiya ərazisində “Gürcüstan hadisələri”ndə, habelə Ukrayna Maydanında etiraz aksiyalarında iştirak edən “ekspert qrupu” fəaliyyət göstərir və  bu qrupun üzərində ciddi müşahidə aparılır.

Fitso hesab edir ki, həmin qrup hökumət binalarını, parlamenti və prezident sarayını ələ keçirməklə dinc aksiyaya son qoymağı planlaşdırır. 

“Qanunların aliliyinə hörmət edən normal demokratik dövlətdə təhlükəsizlik qüvvələri tədbirlər görür. Çünki bu, qanun pozuntusudur, hətta bəzi hallarda Cinayət Məcəlləsinin pozulmasıdır. Bunun üçün nəzərdə tutulan qüvvələr gəlir və təbii ki, asayişi bərpa etməyə başlayır”.

Baş nazir onu da qeyd edib ki, həmin anda dünyadakı bütün televizorlar açılacaq və polis aksiyasının görüntülərini nümayiş etdirəcək. Bunun ardınca isə ölkədə kütləvi etirazlar və hakimiyyətin ələ keçirilməsi baş verəcək

Xatirə SADİQ