“Telegram”ın qurucusu Fransadakı etirazçıları dəstəklədi
Bu gün Fransanın onlarla şəhərində “Hər şeyi blokla!” şüarı altında etiraz aksiyaları keçirilir.
SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.
Etirazçılar hökumətin siyasəti, xüsusən də sosial xərclərin azaldılmasını təklif edən büdcə layihəsi ilə kəskin narazılıqlarını ifadə edirlər. Ümumilikdə etirazlarda 100 minə qədər insan iştirak edir.
Təhlükəsizlik qüvvələri yollarda nəqliyyatın hərəkətini tez bir zamanda açmağa çalışır. Bir sıra yerlərdə, o cümlədən Nant, Tuluza və Monpelye şəhərlərində etirazçılar polislə toqquşub. Parisdə tələbələr barrikadanı yandırdıqlarından yanğınsöndürənlər cəlb olunub. Fransa paytaxtında 100-dən çox adam saxlanılıb.
“Hər şeyi blokla” hərəkatı şəbəkə strukturuna malikdir, fəallar sosial şəbəkələrdə birgə aksiyalar barədə razılığa gəlirlər. Həm sağçılar, həm də solçular prezident Emmanuel Makronun siyasətinə qarşıdır. Şərhçilər hazırkı nümayişlərin Makronun prezidentliyinin ilk illərindəki “Sarı jiletlilər” etirazları ilə oxşarlığını qeyd edirlər.
Nümayişlər ölkədəki siyasi böhran fonunda keçirilir. Bir gün əvvəl Fransua Bayru hökuməti etimadsızlıq səsverməsindən sonra istefa verib. Bayru cəmi doqquz ay baş nazir vəzifəsində çalışdı və Makron 2017-ci ildə prezident seçildikdən sonra altıncı, 2022-ci ildən isə beşinci baş nazir oldu.
Hökumətin başına bundan öncə müdafiə naziri olmuş Sebactyen Lekornü gətirilib. 39 yaşlı baş nazir təcrübəli və diplomat siyasətçilərdən biri kimi tanınır və ölkə prezidentinin yaxın müttəfiqi hesab olunur
Maraqlıdır ki, “Telegram”ın yaradıcısı Pavel Durov etirazçıları dəstəkləyib. “Mən fəxr edirəm ki, “Telegram” Fransada Makronun uğursuz siyasətinə etiraz vasitəsinə çevrilib. 8 il insanlara etinasızlıq göstərildikdən sonra onlar, nəhayət, boş vədlərdən beziblər və cavab zərbələri endirirlər”, - deyə Durov X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Pavel Durov messencerdən mümkün qeyri-qanuni istifadəyə görə Fransada istintaqa cəlb olunub.
Xatirə SADİQ