Tramp İranla razılaşdı, İsrailə QADAĞA qoydu - Netanyahu dərhal cavab verdi

ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazı ilə bağlı qərarından sonra ard-arda sərt bəyanatlar verib.

Apr 17, 2026 - 21:12
Tramp İranla razılaşdı, İsrailə QADAĞA qoydu - Netanyahu dərhal cavab verdi

O bildirib ki, Tehran boğazı bir daha bağlamamaq öhdəliyi götürüb:

“İran bir daha Hörmüz boğazını bağlamayacağı barədə razılaşıb. Bu, artıq dünyaya qarşı silah kimi istifadə olunmayacaq”.

Bununla belə, Tramp vurğulayıb ki, bu addım ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması anlamına gəlmir. Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında “100 faiz razılaşma” əldə olunana qədər təzyiqlər davam edəcək. ABŞ lideri tərəfləri prosesi sürətləndirməyə çağırıb.

Tramp həmçinin iddia edib ki, ABŞ İranın bütün zənginləşdirilmiş uran ehtiyatını götürməyi planlaşdırır və bunun müqabilində heç bir güzəşt və ya mübadilə nəzərdə tutulmur. O əlavə edib ki, bu məsələ Livandakı atəşkəslə əlaqəli deyil.

Beynəlxalq Atom Enerjisi Agentliyinin qiymətləndirməsinə əsasən, İranda 60 faiz zənginləşdirilmiş təxminən 408 kiloqram uran ehtiyatı mövcuddur. İran isə bu ehtiyatın böyük hissəsinin son 12 günlük müharibədən sonra dağıntılar altında qaldığını iddia edir.

Bu fonda Tramp İsrailə də mesaj ünvanlayaraq Livanın bombardman edilməsinin qadağan olunduğunu bildirib. Lakin az sonra açıqlama verən İsrailin baş naziri Benjamin Netanyahu atəşkəsi dəstəklədiklərini desə də, “Hizbullah"la işlərinin hələ bitmədiyini” qeyd edib.

Oğuz
SAVASHMEDİA.az