Tramp Kelloqdan soruşub - "Rusiya qalib gəlir?"
ABŞ prezidenti Donald Tramp xüsusi elçisi Kit Kelloqdan Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlib-gəlmədiyini soruşub.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Kelloq Kiyevdə keçirilən YES-2025 forumunda danışıb.
Onun sözlərinə görə, Trampa “yox” cavabını verib. “Hadisə təxminən ay yarım əvvəl Oval kabinetdə baş verib. Mən tam səmimi cavab verdim: “Qoy Den Keyn (ABŞ Qərargah Rəisləri Komitəsinin sədri) sizə cavab versin. Ondan soruşun”. Və belə etdilər. O da mənim kimi “Belə qalib gəlmirlər” cavabını verdi”, - deyə Ağ Evin nümayəndəsi vurğulayıb.
Kelloq əlavə edib ki, Putin bütün Donetsk, Xerson və Zaporojye vilayətlərini ələ keçirmək istəyir, lakin bu mümkün deyil.
“Bu, Rusiya tarixində insan həyatına və itkilərə tamamilə məhəl qoymayan ilk müharibə deyil. Amma nədənsə o [Putin] qalib gələcəyinə inanır və buna görə də görünür, atəşkəsdə və ya ciddi sülh sazişində maraqlı deyil”, - deyə Kelloq söyləyib.
Xatirə SADİQ