Tramp polyak həmkarını təriflədi - “Əla prezident olacaq”

ABŞ prezidenti Donald Tramp Polşanın yeni seçilmiş prezidenti Karol Navrotskini tərifləyib. 

Jul 24, 2025 - 13:43
Tramp polyak həmkarını təriflədi - “Əla prezident olacaq”

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial media platformasında ismarıc paylaşıb. 

ABŞ prezidenti Polşanın yeni prezidentinin gözəl lider olacağına inandığını bildirib: 

“Polşada Karol Navrotskinin belə böyük qələbəsi. O, əla prezident olacaq! O, qalib gəldi, çünki polyakları səmimi şəkildə sevir”.

ABŞ prezidenti ötən şənbə günü Polşanın bir çox şəhərlərində keçirilən anti-immiqrant nümayişlərinin videosunu da dərc edib. “Miqrasiyanı dayandırın!” şüarı altında keçirilən etiraz aksiyalarını ifrat sağçı “Konfederasiya” təşkil edib və minlərlə insanı toplayıb. 

Tramp miqrasiya siyasətinə etiraz edən izdihamı əks etdirən TikTok videosunu paylaşıb. Materialın şərhçisi heyranlıqla cəmiyyətin səfərbərliyindən danışıb və sual verib: “Polşa Avropaya nümunə göstərirmi?”. 

Tramp həmçinin Zabjedə keçirilən seçki kampaniyası mitinqindən başqa bir videonu yayıb. Orada təkcə Karol Navrotski deyil, həm də Rumıniya prezidentliyinə ifrat sağçı namizəd Corce Simion da iştirak edib. Videoda hər iki siyasətçinin tərəfdarlarının “Donald Tramp!” şüarları səsləndirdiyi görünür. 

Navrotski seçkidə qalib gəldikdən sonra Trampla telefon danışığı barədə xəbər verib və Ağ Evdə görüşə dəvət aldığını qeyd edib. 

Xatirə SADİQ