Razılaşmadan sonra Trampdan İLK AÇIQLAMA - "Kim İrana bunu etsə, cəzalanacaq"

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsdən sonra yeni açıqlama verib.

Apr 8, 2026 - 17:00
Apr 8, 2026 - 17:07
Razılaşmadan sonra Trampdan İLK AÇIQLAMA - "Kim İrana bunu etsə, cəzalanacaq"

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri irəli sürdükləri 15 maddəlik tələblərdən bir çoxunun artıq İranla razılaşdırıldığını bildirib: 

ABŞ İranla sıx əməkdaşlıq edəcək. Bizim qənaətimizə görə, orada çox məhsuldar olacaq bir hakimiyyət dəyişikliyi baş verib. Uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə B-2 bombardmançı təyyarələrindən istifadə edərək bütün dərin basdırılmış nüvə “tozunu” qazıb çıxaracaq. Bu ərazi hücumun başlandığı tarixdən indiyədək Kosmik Qüvvələr tərəfindən çox dəqiq peyk müşahidəsi altında saxlanılır. Biz İranla tariflər və sanksiyaların yüngülləşdirilməsi məsələsini müzakirə edirik və edəcəyik. 15 bənddən bir çoxu artıq razılaşdırılıb”.

ABŞ prezidenti 7 dəqiqə sonra verdiyi açıqlamada İrana silah satacaq ölkələrə xəbərdarlıq edib:

“İrana silah tədarük edən istənilən ölkəyə, ABŞ-yə satdığı bütün mallara görə 50 faiz gömrük rüsumu tətbiq olunacaq. Bu qərar dərhal qüvvəyə minir. Heç bir istisna və ya güzəşt olmayacaq!”.

Xatırladaq ki, mart ayının 25-də ABŞ müharibəni dayandırmaq üçün İrana 15 maddəlik plan təqdim edib. Plana əsasən, İran nüvə potensialını tamamilə ləğv etməli, nüvə silahı istehsal etməməli, uran zənginləşdirmə fəaliyyətlərini dayandırmalı, zənginləşdirilmiş uran ehtiyatlarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) verməli, Netenz, İsfahan və Fordo obyektləri bağlanmalı, tam yoxlama səlahiyyəti AEBA-ya verilməlidir. Hizbullah, HƏMAS və Husilər kimi təşkilatlardan imtina etməli, bu qruplara maliyyə dəstəyini kəsməli, Hörmüz boğazını açıq saxlamalı, raket proqramı ilə bağlı işlər məhdudlaşdırılmalı, raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadə olunmalıdır.

Bunun müqabilində isə ABŞ İrana beynəlxalq sanksiyaların ləğvini, mülki nüvə proqramına verəcəyi dəstəyi, sanksiyaların avtomatik olaraq yenidən tətbiq olunmasına imkan verən mexanizmin aradan qaldırılmasını təklif edib.

İran isə bu gün ABŞ-yə 10 bəndlik sülh təklifi təqdim edib.

1. ABŞ İrana hücum etməyəcəyinə zəmanət verir,

2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid,

3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi,

4. İrana qarşı bütün sanksiyaların ləğvi,

5. İrana qarşı ilkin sanksiyaların ləğvi,

6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi,

7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi,

8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi,

9. ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması,

10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.

Banu