Tramp qubernatorun həbsini istəyir
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Kaliforniya qubernatoru Gevin Nyusomun həbsini dəstəkləyə biləcəyini söyləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” yazıb.
Həftəsonu istirahətindən sonra Ağ Evə qayıdan Tramp bildirib ki, əgər sərhəd mühafizəsi üzrə müşaviri Tom Homanın yerində olsaydı, Nyusomu həbs edərdi.
“Gevin diqqəti sevir, amma düşünürəm ki, bu, əla qərar olardı”, - deyə ABŞ prezidenti vurğulayıb.
Nyusom prezidentin sözlərini “avtoritarizmə doğru addım” adlandırıb.
Qeyd edək ki, ölkədə aparılan sorğular növbəti president seçkilərində demokratların prezidentliyə mümkün namizədi kimi görünən Nyusomun nüfuzunun artdığını göstərir.
Los-Anceles meri Karen Bass zorakılığı pisləyərkən, gərginliyin artmasında federal hökuməti günahlandırıb. “İnsanların bu administrasiyanın yaratdığı xaosa düşmələrini istəmirəm”, - deyə mer əlavə edib.
Tramp isə öz növbəsində Bass və Nyusomu təhlükənin miqyasını azaltmaqda ittiham edib: “Milli Qvardiya olmasaydı, Los-Anceles məhv olardı”.
Amerika prezidenti ilə Kaliforniya qubernatoru arasında münaqişə Milli Qvardiyanın Cənubi Kaliforniyaya yerləşdirilməsindən sonra başlayıb. Nyusom bildirib ki, onun razılığı olmadan qoşunlar ştata yerləşdirildiyi üşün federal hökuməti məhkəməyə verəcək.
O, Trampın hərəkətlərini qeyri-qanuni adlandırıb və “münaqişəni qızışdırdığını” deyib. Federal qanuna əsasən, prezident işğal, üsyan və ya hüquq-mühafizə orqanlarının qanunların icrasını təmin edə bilmədiyi halda Milli Qvardiyanı çağıra bilər.
Bu arada 4 gün etirazlara bürünən Los-Anceles küçələrində bazar ertəsi sakitlik hökm sürür.
Xatirə SADİQ