Tramp ukraynalıların cəsarətinə heyran olub -“Axios”

“ABŞ prezidenti Donald Tramp Rusiya strateji aviasiya təyyarələrinin vurulduğu “Hörümçək toru” xüsusi əməliyyatını güclü və cəsarətli addım kimi qiymətləndirib”.

Jun 5, 2025 - 16:36
Tramp ukraynalıların cəsarətinə heyran olub -“Axios”

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Axios” portalı mənbələrə istinadən yazıb. 

Mənbələrin sözlərinə görə, Amerika prezidenti sadəcə bu əməliyyatın atəşkəsi dayandırmaq missiyasını daha da çətinləşdirəcəyindən narahatdır.

Ukrayna hücumu ilə bağlı Trampın şəxsi hisslərinə gəlincə isə, Amerika prezidenti ictimaiyyət qarşısında heyrətamiz şəkildə təmkinini qoruyub, ancaq özəl olaraq, əməliyyata valeh olub.

Mənbələrdən biri Trampın “Kifayət qədər güclüdür”, digəri isə “O, fikirləşdi ki, bu cəsarətlidir” dediyini portal çatdırıb. 

“Beynəlxalq nöqteyi-nəzərdən, daha böyük bir itə həqiqətən zərər verən bir Çixuaxuanız var”, - deyə Trampın müşavirlərindən biri söyləyib.

“Eyni zamanda Tramp son günlər görüşdüyü insanlara deyib ki, dron hücumu çox güman ki, Kremlin rəhbəri Vladimir Putini çox ciddi cavab verməyə vadar edəcək”, - deyə məsələ ilə tanış olan başqa mənbə bildirib.

Mənbənin sözlərinə görə, Tramp bu ssenarinin onun diplomatik təşəbbüsünü geri çəkəcəyindən narahatdır. Çünki onun təşəbbüsü son üç ildə ilk dəfə olaraq Ukrayna və Rusiya arasında birbaşa danışıqlara gətirib çıxarıb.

Ağ Evin narahat olmasının səbəblərindən biri Ukraynanın nüvə silahı daşıya bilən və Rusiyanın nüvə qarşısının alınmasının əsas elementi olan strateji bombardmançı təyyarələrə qarşı yönəlməsi olub.

“Bu, çox təhlükəli məqamdır”, - deyə amerikalı məmur əlavə edib.

Buna baxmayaraq, müharibə getdiyi üçün Tramp ukraynalıların hücumu həyata keçirməsinə təəccüblənməyib, hətta ukraynalıların cəsarətindən heyrətə gəlib.

Xatirə SADİQ