Trampa adının Epşteyn işində çəkildiyi deyilibmiş – WSJ
ABŞ prezidenti Donald Tramp adının 2019-cu ildə həbsdə olarkən azyaşlıları cinsi istismarda və intihar etməkdə günahlandırılan maliyyəçi Cefri Epşteynlə bağlı Ədliyyə Nazirliyinin təhqiqatında yer aldığından may ayında xəbər tutub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Nəşrin mənbələrinə görə, bu barədə prezidenti ABŞ-nin baş prokuroru Pəm Bondi məlumatlandırıb. O, prezidentə söyləyib ki, dövlət başçısının adı “bir çox digər tanınmış şəxslərin” adları ilə yanaşı, Ədliyyə Departamentinin işlə bağlı sənədlərində çəkilir.
“Reuters” xəbər verir ki, Ağ Ev əvvəlcə məlumatın “saxta” olduğunu deyib. Lakin sonradan Ağ Evin nümayəndəsi agentliyə bildirib ki, prezident administrasiyası Trampın adının Epşteyn işində həqiqətən çəkildiyini inkar etmir. O, həmçinin qeyd edib ki, bu məlumatların bəziləri daha əvvəl, xüsusən uşaq cinsi alveri şəbəkəsi yaratmaqda ittiham olunaraq 20 il həbs cəzasına məhkum edilmiş Epsteynin köməkçisi Qisleyn Maksvellin məhkəmə araşdırması ilə bağlı hissə-hissə dərc olunub.
“Reuters” onu da vurğulayıb ki, WSJ nəşrinin məlumatını digər mənbələrdən hələ təsdiqlətdirə bilməyib.
Trampın adı Epsteynin 1990-cı illərdəki təyyarəsinin bort jurnalları və ünvan kitabçası da daxil olmaqla əvvəllər dərc edilmiş bir sıra sənədlərdə görünür. Maksvelin məhkəməsinin gedişində Epsteynin pilotu and içərək ifadə verib ki, Tramp həmin təyyarədə bir neçə dəfə uçub.
Tramp özü bunu inkar edir və Epsteynlə ünsiyyətini onun istintaqa cəlb olunmasından əvvəl kəsdiyini deyir. Epsteyn işi ilə bağlı Trampa qarşı heç bir ittiham irəli sürülməyib.
“Epsteyn faylları” ətrafında yaranmış durum hətta Tramp tərəfdarları arasında parçalanmaya səbəb olub. Əvvəllər qlobal elitaların iştirakı ilə seks alveri şəbəkəsinin guya mövcudluğu haqqında sui-qəsd nəzəriyyələrini irəli sürən MAGA hərəkatının bir çox nümayəndələri, Trampın seçkiqabağı kampaniya dövründə bunu açıqlayacağına dair vədlər verməsinə baxmayaraq, administrasiyanın materialları yaymaqdan imtina etməsinə sərt təpki göstərirlər. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, Epsteynin 2019-cu ildə ölümü intihar olmayıb və onun güclü fiqurlarla əlaqələri canfəşanlıqla gizlədilir.
Bu yaxınlarda Ədliyyə Nazirliyi istintaqı davam etdirmək üçün heç bir əsas tapmadığını bildirdi. Lakin ictimaiyyətin təzyiqi altında Tramp bəzi materialların açıqlanmasına nail olmaq əmri etdi. Məhkəmə sorğularından biri artıq rədd edilsə də, Konqres sənədlərin tam açıqlanmasına nail olmaq istəyir. Çərşənbə günü Nümayəndələr Palatasının Nəzarət Komitəsinin alt komitəsi Ədliyyə Nazirliyinin Epsteyn işinin bütün materiallarını təqdim etməsi tələbini təsdiqləyib. Bunun lehinə təkcə demokratlar deyil, bir neçə respublikaçı da səs veriblər.
Donald Tramp ötən həftə “The Wall Street Journal” qəzetinin məxsus olduğu “News Corp” şirkətinin sahibi, media maqnatı Rupert Merdoka və WSJ-nin iki reportyoruna qarşı məhkəmə iddiası qaldırıb. ABŞ prezidenti özünün 2003-cü ildə Cefri Epşteynə açıq-saçıq şəkilli və “ortaq sirlər” eyhamlı təbrik məktubu göndərdiyini iddia edən məqaləyə görə çoxmilyard dollarlıq təzminat tələb edir. Tramp təkid edir ki, məqalə açıq-aşkar yalan xarakteri daşıyır, onun reputasiyasına və maliyyə maraqlarına böyük ziyan vurub.
WSJ-nin naşiri “Dow Jones” şirkətinin sözçüsü Trampın iddiası ilə bağlı verdiyi açıqlamada deyib ki, onlar jurnalistikanın ciddiliyinə və düzgünlüyünə son dərəcə əmindirlər: “Özümüzü istənilən iddialara qarşı qətiyyətlə müdafiə etmək niyyətindəyik”.
Maraqlıdır ki, “Dow Jones” də “News Corp”un törəmə şirkətidir. Onun sahibi Rupert Merdokun beşinci həyat yoldaşı isə milliyyətcə rus olan 67 yaşlı bioloq Yelena Jukovadır. O, Putinə yaxınlığı ilə tanınan rusiyalı oliqarx Roman Abramoviçin keçmiş qayınanasıdır.
“Reuters/Ipsos”un son sorğusuna görə, amerikalıların üçdə ikisindən çoxu hökumətin Epsteynin müştəriləri haqqında məlumatları gizlətdiyinə inanır.
Xatirə SADİQ