Trampa Nobel Sülh Mükafatı buna görə verilməyib - PROSEDUR + İZAH
Dünyanın bəzi kütləvi informasiya vasitələri Nobel Sül Mükafatının venesuelalı müxalifətçi Mariya Korina Maçadoya verilməsini Trampın həmin mükafatdan məhrum edilməsi kimi qələmə verirlər.
SAVASHMEDİA.az nəzərə çatdırır ki, Tramp bu mükafatın ona 2026-cı ildə verilməsini gözlədiyinə dəfələrlə eyham vurub.
Məhz bu ilin iyun ayında Pakistan hökuməti ABŞ prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilməsini rəsmən tövsiyə etdi. Bu, Trampın vasitəçiliyi ilə Pakistanla Hindistan arasında yayda baş vermiş hərbi münaqişənin dayandırılmasından sonra baş verdi.
Amma, nədənsə, dünya mediası bu mühüm nüansa fikir vermir. Venesuelada keçirilən son prezident seçkilərində müxalifəti qələbəyə aparan, lakin ölkəni tərk etmək məcburiyyətində qalan Mariya Korina Maçadoya 2025-ci il üzrə Nobel Sülh Mükafatının verilməsi az qala Trampın lobbiçilik kampaniyyasının iflasa uğradığı kimi qələmə verilir.
“The Moscow Times” yazır ki, ABŞ prezidenti Nobel mükafatı almaq arzusunu gizlətmir və mükafatın verilməsindən əvvəl onun namizədliyini dəstəkləmək üçün kütləvi kampaniyaya start verilmişdi.
“Tramp dəfələrlə qısa müddət ərzində prezidentliyi dövründə yeddi müharibəni dayandırdığını iddia edib. Lakin bu, onun Ağ Evə qayıtmazdan öncə “24 saat ərzində” başa çatdıracağına söz verdiyi Ukraynadakı müharibəni əhatə etmir. Bir neçə dövlət başçısı açıq şəkildə onun mükafata layiq olduğunu elan etdi: ən sonuncusu cümə axşamı İsrail və Həmas Ağ Evin atəşkəs və israilli girovların qaytarılması planına razılıq verdikdən sonra Benyamin Netanyahu oldu. Girovların bir neçə ailəsi bununla bağlı Nobel Komitəsinə müraciət edib”, - deyə nəşr vurğulayıb.
Nə yaxşı ki, bir neçə ekspert “The Wall Street Journal” nəşrinə izah edib ki, son dəqiqə aparılan lobbiçilik səyləri Nobel Komitəsinin yekun qərarına təsir etmir.
“Namizədlərin açıq irəli sürülməsi və bu il gördüyümüz kampaniya çox qeyri-adi haldır”, - deyə Oslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Nina Qreyger bildirib.
Amma Qreyger də nəzərə çatdırıb ki, Nobel Sülh Mükafatı dayanıqlı və möhkəm sülhə nail olmaq üçün əzmkar səylərə görə verilir və buna görə də Trampın bu il mükafat alacağını ehtimal etmirdi.
“Sülh mükafatı namizədlərin son anda əldə etdikləri nailiyyətlərə görə verilmir”, - deyə Nobel Komitəsinin katibi Kristian Berq Harpviken “Reuters” agentliyinə müsahibəsində vurğulayıb.
Xatırladaq ki, xanım Maçado 20 ildən artıqdır Venesuelada azad və ədalətli seçkilər uğrunda mübarizə aparır. Demokratik hərəkatın lideri kimi o, ayrı-ayrı müxalifət qüvvələrini birləşdirə bildi və 2024-cü ildə keçirilən son seçkilərdə Maçadonun dəstəklədiyi müxalifət namizədi (özünə namizədliyi qadağan edildi) Edmundo Qonsales qalib gəldi. Müxalifətin fikrincə, seçkiqabağı kampaniyasını Maçadonun apardığı Qonsales prezident Nikolas Madurodan 2,3 dəfə çox səs toplayıb. Lakin hakimiyyət sübut təqdim etmədən Maduronun qələbəsini elan edib.
Nobel Komitəsinin bəyanatında deyilir ki, “Venesuelada demokratik hərəkatın lideri kimi Maria Korina Maçado son dövrlərdə Latın Amerikasında vətəndaş cəsarətinin ən görkəmli nümunələrindən biridir”.
Odur ki, 2026-cı ili gözləyək. O zaman Trampa Nobel Sülh Mükafatı verilməsə, onun lobbiçilik kampaniyasının iflasa uğradığından yazmaq olar. Amma Ukrayna müharibəsinə məhz Trampın vasitəçiliyi ilə ədalətli şəkildə son qoyularsa, Nobel Sülh Mükafatının amerikalı prezidentə veriləcəyi indidən şübhə doğurmur. Hələliksə, şeyx Nəsrullah demişkən, ey KİV, get, sən də düşün...
Xatirə SADİQ