“Trampa Nobel Sülh Mükafatı verilsin” - Kamboca hökuməti
Kamboca hökuməti ABŞ prezidenti Donald Trampın namizədliyini Taylandla atəşkəsə verdiyi töhfəyə görə minnətdarlıq əlaməti olaraq Nobel Sülh Mükafatına irəli sürəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kamboca baş nazirinin müavini San Çantol bəyan edib.
Onun sözlərinə görə, ABŞ prezidenti olmadan bu razılaşma çətin əldə olunardı. “O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, digər ölkələrə münasibətdə də Nobel mükafatı almalıdır”, - deyə baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, Tayland-Kamboca sərhədində atışma iyulun sonlarında başlayıb, hər iki tərəf itkilərlə üzləşib.
Tramp eskalasiya başlayandan sonra Kamboca və Tayland liderlərinə zəng edib. “Təsadüfən, biz hər iki ölkə ilə ticarət danışıqlarındayıq, lakin müharibə vəziyyətində olduqları təqdirdə hər iki ölkə ilə heç bir sövdələşmə etmək istəmirik. Və mən bunu birbaşa onlara dedim”, - deyə ABŞ prezidenti bildirmişdi.
Bundan bir neçə gün sonra Tramp atışmanın böyük müharibəyə çevrilməsinin qarşısını aldığını açıqladı: “Bu, çox çətin müharibə olardı. Bu, illər boyu davam edə bilərdi. Milyonlarla insan ölə bilərdi. Biz müharibəni başa vurduq - və biz buna çox şadıq”.
Qeyd edək ki, Pakistanla Hindistan arasında müharibənin atəşkəslə yükunlaşmasından sonra İslamabad da münaqişənin həllində vasitəçiliyinə görə Trampın namizədliyini 2026-cı il Nobel Sülh Mükafatına təqdim edəcəyini açıqladı.
Xatirə SADİQ