Trampdan Maskın partiya yaratmasına reaksiya: "Ağlını itirib..."
ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın yeni partiya yaratmaq ideyasını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb və Nyu-Cersidə jurnalistlərə bildirib.
“İlon Maskın tamamilə “ağlını itirdiyini” (“off the rails”) müşahidə etmək məni qüssələndirir”, - Tramp vurğulayıb.
Onun sözlərinə görə, Mask son beş həftə ərzində “dəmir yolu qəzasına” çevrilib. “O, hətta üçüncü siyasi partiya yaratmaq istəyir. Hərçənd belə partiyalar heç vaxt ABŞ-də uğur qazanmayıb. Sistem, gərək ki, onlar üçün nəzərdə tutulmayıb. Üçüncü partiyaların yaradığı yeganə şey tam və total xaos törətməkdir”, - Tramp əlavə edib.
Onun fikrincə, üçüncü partiyanın yaradılması mənasızdır: “Respublikaçılar Partiyası ilə çox böyük uğur əldə edirik. Demokratlar öz yollarını azıblar. Lakin bu, həmişə ikipartiyalı sistem olub və mən düşünürəm ki, üçüncü partiyanın yaradılması yalnız qarışıqlıq yaradacaq. O (Mask – red.) bununla əylənə bilər, amma mən hesab edirəm ki, bu, mənasızdır”.
Qeyd edək ki, Mask iyulun 4-də özünün X səhifəsində amerikalıların “ikipartiyalı sistemdən müstəqillik istəyib-istəmədiklərini və Amerika Partiyası yaratmağa dəyərmi” sualı ilə sorğu başladıb. İstifadəçilərin 65,4% “hə”, 34,6% “yox” cavabını verib.
Mask iyulun 5-də ABŞ-də “Amerika Partiyası” (America Party) adlı yeni siyasi qüvvənin yaradıldığı barədə elan verib.
Xatirə SADİQ