Zelenski Britaniya kralına təşəkkür etdi
Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya kralı III Çarlza minnətdarlığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsində yazıb.
“Mən davamlı dəstəyə görə əlahəzrət kral III Çarlza ürəkdən təşəkkür edirəm. Ukrayna Böyük Britaniyanın sarsılmaz və prinsipial mövqeyini yüksək qiymətləndirir. İstibdadın yenidən Avropanı təhdid etdiyi bir vaxtda biz hamımız güclü mövqedən çıxış etməliyik və Böyük Britaniya bir çox miqyaslarda azadlığı dəstəkləməkdə lider olmağa davam edir”, - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın dövlət səfəri münasibətilə verilən təntənəli ziyafətdə qısa çıxışı zamanı III Çarlz Ukraynanı dəstəkləməyə çağırıb.
“Bu gün istibdad Avropanı növbəti dəfə təhdid etdiyi bir vaxtda biz və müttəfiqlərimiz təcavüzün qarşısını almaq və sülhü təmin etmək üçün birlikdə Ukraynanı dəstəkləyirik”, - deyə Böyük Britaniya kralı vurğulayıb.
Videodan görünür ki, Tramp bu məqamda başını tərpətməklə sanki onun sözləri ilə razılaşıb.
Xatirə SADİQ