SÖZ haqqında SÖZ

... Həmin kitabda deyilir ki, hər şeyin başında (başlanğıcında, əvvəlində) söz durub. Kökündən səhv fikirdir.

Apr 7, 2025 - 12:42
SÖZ haqqında SÖZ

Əvvəla, əvvəl danışmağa, söz deməyə həmdəm yox idi. Hər hansı dəli də yox idi ki, özü ilə söhbət etsin. İkincisi, ilk insanlar sözə qədər ünsiyyəti səs çıxarmaqla başlamışdılar. Sonra yəqin işarələr – mimika və jestlər gəlib. Söz isə yalnız o zaman meydana çıxıb ki, hadisəyə, hərəkətə, əşyaya ad verilib.

Söz. O, nədir? Əlbəttə, ilk növbədə sözün özüdür, sonra onun adlandırdığıdır.

Məqalə tamamlandıqda bekar olsan, “söz” sözünün neçə dəfə işlənildiyini sayarsan. İndi isə sözə başlayaq.

Sözün mənası və əhəmiyyəti önəmlidir. Onun azı bir mənası olmalıdır. Lakin söz ustasının əlindən bir neçə məna daşıyan söz çıxa bilər – ikibaşlı və sair. Oxucunun, dinləyicinin borcudur ki, ilkin, əsas mənanı anlasın. Başqa nə qədər mənanı görsə - başının ucalığıdır.

Sözün əhəmiyyəti daha sadədir – həmin mənaları, fikri çatdırmaq.

Sözün fiziki (!) parametrləri, əlamətləri var. Bunu ilk növbədə filologiya və jurnalistika fakültələrinin tələbələri bilməli və öz müəllimlərinə xəbər verməlidirlər: qoy onlar da bilsinlər. Sözün çəkisi, ölçüsü, həcmi (tutumu), elastikliyi, sürüşkənliyi olduğu məlumdur.

Onun çəkisi sözü deyənin qeyrəti ilə düz mütənasibdir: qeyrət yoxdursa, sözün çəkisi də sıfırdır.

Elastikdir. Sözü əymək mümkündür. Düz, doğru sözə isə zaval yoxdur.

Sürüşkəndir – möhkəm olmasan, sürüşüb düşəcək: “Sözünü yerə saldılar”, “Sözü yerə düşdü” ifadələri məhz buna işarədir.

Söz alver obyektidir. İnsandan hiylə ilə, yaxud işgəncə altında söz alırlar.

Yüngül və ağır sözlər olur. Bunu tərəzinin gözündə aşkar etmirlər. Nüfuzsuz, yetərsiz söz yüngüldür. Ağır söz isə insanın yeddi qatından keçər, onu ruhən əzə və ya özündən çıxara bilər. Hüquqşünaslara yaxşı məlumdur: sözə görə iş düşür. O da gizli deyil ki, pis, keyfiyyətsiz işə görə adama söz gəlir.

Söz canlıdır. Həm özünün canı var, həm də quşdur söz. “Uçdu – tuta bilməzsən” – bu məsəlin analoqu, bənzəri yəqin bütün xalqlarda mövcuddur.

İnsan sözünü ölçüb-biçməli, deməkdən əvvəl düşünməlidir. “Əvvəlcə deyir, sonra fikirləşir” ifadəsi sanbalsız adamlara aiddir.

Sözün qədəri var. Əbəs yerə demirlər: “Artıq-əskik danışma!”.

Söz köhnəlmiş ola bilər. Təzə söz isə həm həyatda, cəmiyyətdə baş verən yeniliklə, həm də yaradıcılıqda, elmdə, incəsənətdə ixtira, kəşf, ideya ilə bağlıdır. Belə halda qeyd olunur ki, filankəs öz sahəsində yeni söz dedi. Bu, güclü sözdür. Zəif söz isə sahibinin əqlinin və iradəsinin zəifliyinə şəhadətdir. Beləsi deyir: “Ciddi sözümdür”, “Doğru sözümdür”. Yəni, başqa vaxt əbləhlik edir, yalan danışır.

Sözü demək – bir qabiliyyətdirsə, dinləmək, eşitmək – əsl bacarıqdır. “Oy-hay var dağa qaldırar, oy-hay var dağdan endirər”. Dəqiq kəlamdır! Yaxud, hərdən təəccüb və təəssüflə səslənir: “Axı mən bunu sənə demişdim...”. Deməli, qarşı tərəf eşitmək və anlamaq qabiliyyətindən məhrumdur.

Dünyada axmaq söz çoxdur. Ağıllı söz də az deyil. Ən müdrik söz – Atalar sözüdür. Bu anonim ifadələr keçmişdən gələrək əsrlərin sınağından, filtrindən keçib və bizə çatıb. Atalar sözlərinin hər biri qanan üçün xəzinədir. Əgər kitabxanaların hamısı yanıb külə dönsə, dünyada yalnız Atalar sözü külliyyatları qalsa, bəşəriyyət çox şey itirməz. Sözüm – sözdür!

Bir gün babam evdə əhvalat danışdı və söhbətini tamamlayanda söylədi: “Sənə söz deyirəm!”. Yəni, bundan dəyərli heç nə yoxdur. Amma başqalarından dəfələrlə eşitmişəm: “Əşşi, sözdür də...”.

Söz haqqında bildiklərimi, düşündüklərimi sözlə ifadə etmək mümkün deyil. Yaxşısı budur ki, sözümü bu yerdə bitirim və əziz olum.

A.ƏZİZ