"4 saat su axtardım..." - Sərnişin ADY-dən narazılıq etdi + FOTO

Azərbaycan Dəmir Yolları (ADY) ilə Gəncədən Bakıya səfər edən sərnişin qatardakı xidmətlə bağlı narazılıq edib.

Jun 7, 2026 - 19:58
"4 saat su axtardım..." - Sərnişin ADY-dən narazılıq etdi + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi İlkin Abbas ekonom sinif vaqonlarında sərnişinlərin su almaqda çətinlik çəkdiyini iddia edib.

Onun sözlərinə görə, qatarda səyyar satış xidməti göstərilsə də, bu xidmət yalnız biznes və standart+ sinif sərnişinləri üçün nəzərdə tutulub. İstifadəçi ekonom sinifdə səyahət edənlərin isə diqqətdən kənarda qaldığını bildirib.

Sərnişin qeyd edib ki, su almaq üçün digər vaqonlara keçmək istəsə də, bələdçi buna icazə verməyib. O, həmçinin vaqonda kondisionerin də qənaətbəxş işləmədiyini vurğulayıb.

“İşdir-şayət, əgər bu istidə Azərbaycan Dəmir Yolları - ADY  ilə səfəriniz varsa, üstəgəl səyahətiniz ekonom sinifdə olacaqsa, su tədarükünüzü bol edin. Əks halda, vay halınıza. Yoxsa, bu istidə 4 saat su deyib, gəzəcəksiniz. Su yoxdur, kondisioner də işləməsə ondan yaxşıdır”, – deyə İlkin Abbas paylaşımında yazıb.

Aytən