"Məktub göndərmək istəyirsənsə göndər, daha niyə..." - Peskov Zelenskidən inciyib
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı açıq məktubla bağlı növbəti açıqlama yayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, dövlət başçıları arasında məktublaşma yalnız müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində həyata keçirilir və Kreml bu qaydalara sadiq qalır.
“Biz bürokratlarıq, hər şeyi rəsmi qaydada edirik. Əgər məktub göndərmək istəyirsənsə, göndər. Amma əgər bunu meqafon diplomatiyası ilə, ictimai şəkildə və hamıya car çəkərək edirsənsə, buna artıq məktub demək olmaz”, – Peskov bildirib.
O, Zelenskinin addımını tənqid edərək, bu formatın diplomatik yazışma kimi qiymətləndirilməsinin çətin olduğunu vurğulayıb.
Xatırladaq ki, Zelenski özünün rəsmi saytında yayımladığı açıq müraciətdə Putinlə üçüncü ölkədə görüş keçirməyi və müharibənin dayandırılmasını təklif etmişdi. Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl iqtisadi forumda çıxışı zamanı bu təklifə münasibət bildirərək, hazırkı mərhələdə belə bir görüş üçün əsas görmədiyini demişdi.
Oğuz