Dmitri Kozakın istefa verdiyi təsdiqləndi - Kreml
Dmitri Kozakın prezidentin icra aparatı rəhbərinin müavini vəzifəsindən istefası təsdiqlənib və cümə günü onun Kremldəki son iş günü olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kozak həqiqətən də “öz istəyi ilə” istefa verib. Peskovun sözlərinə görə, istefa haqqında fərman hələ dərc olunmayıb.
“İnterfaks”ın mənbələrinin Kozakın gələcək karyerası ilə bağlı fikirləri haçalanıb: biri onun Şimal-Qərb Federal Dairəsində prezidentin nümayəndəsi ola biləcəyini, digəri isə bizneslə məşğul olacağını güman etdiyini bildirib. Onun bundan sonra bizneslə məşğul olacağı ilə bağlı RBC da məlumat yayıb.
Bir gün əvvəl RBC telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Vladimir Putinin ən yaxın məmurlarından hesab edilən Dmitri Kozak istefa verib. Jurnalist Aleksey Venediktov bu xəbəri təsdiqləyib.
“AzadlıqRadiosu” yazır ki, Kozak səviyyəsində olan məmurlar administrasiyadan nadir hallarda ayrılır, buna görə də onun istefası ilə bağlı xəbərlər diqqəti daha çox cəlb edib.
Ukrayna əsilli Kozak 1990-cı illərdən bəri Vladimir Putinlə işləyir. Putin hakimiyyətə gələndən sonra, yəni son 25 ildə Kozak prezident administrasiyasında və hökumətdə yüksək vəzifələrdə çalışıb. Bundan başqa o, Minsk razılaşmalarının icra edilməsi ilə bağlı Ukrayna ilə müzakirələrdə Rusiyanın danışıqlar qrupuna rəhbərlik edib.
Ukraynanın işğalından əvvəl – 2022-ci il 21 fevral tarixində keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Kozak Ukrayna ilə danışıqları davam etdirməyə çağırmışdı.
“The New York Times” mənbələrə istinadən avqust ayında iddia edirdi ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəyə başlamasından öncə Kozak onun mümkün nəticələri, o cümlədən Ukrayna ordusu və cəmiyyətinin şiddətli müqaviməti barədə Putinə xəbərdarlıq edib. Müharibə başlayandan sonra o, atəşkəs barədə danışıqlar aparmağa cəhd etsə də, onun təklifləri Putin tərəfindən rədd edilib. O, bu ilin avqustunda daha bir mümkün sülh planını təqdim edib.
Amerika Müharibənin Araşdırması İnstitutu hesab edir ki, Kozakın istefası Putinin ətrafının əksəriyyəti ilə müharibəyə dair fikir ayrılığı ilə bağlıdır. İnstitut qeyd edir ki, bu, “göstərir ki, Putin və onun müşavirləri Ukraynada müharibəni davam etdirməyə sadiqlik və Putinin maksimalist hərbi tələbləri ətrafında birləşirlər”.
Kozakın aparat mübarizəsində Sergey Kiriyenkoya məğlub olması və ya Putinin mühüm məsələlərin həlli üçün ondan qeyri-rəsmi vəkil kimi istifadə etmək niyyəti ilə bağlı başqa versiyalar da mövcuddur.
Xatirə SADİQ