Trampın 28 bəndlik sülh planı Kremldə yazılıb - İDDİA

Ukraynada müharibəyə son qoymaq üçün hazırlanmış və Trampın sülh planı adlandırılan 28 bənddən ibarət razılaşma Kremldə yazılıb.

Nov 26, 2025 - 13:50
Trampın 28 bəndlik sülh planı Kremldə yazılıb - İDDİA

SAVASHMEDİA.az-ın xəbərinə görə, belə bir iddia ilə Reuters agentliyi çıxış edib.

İddiaya görə, sözügedən sənəd rusiyalı müəlliflər tərəfindən yazılan və oktyabr ayında Tramp administrasiyası tərəfindən müzakirə edilmiş memoranduma əsaslanır.

Rəsmi statusu olmayan sənəddə Ukraynanın ərazi güzəştləri də daxil olmaqla, Kremlin əvvəllər danışıqlar masası arxasında irəli sürdüyü müddəalar var.

Nəşrin məlumatına görə, bu memorandum ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığında müzakirə olunub.

Daha sonra Rusiya tərəfindən yazılmış sənəd 28 bənddən ibarət planın əsasını təşkil edib və bu plan Trampın xüsusi elçiləri Stiv Uitkoff və Jared Kuşner ilə rusiyalı müzakirəçi Kirill Dmitriyev arasında keçirilən görüş zamanı hazırlanıb. 

İki mənbə Reuters-ə bildirib ki, Dövlət Departamentində və ya Ağ Evdə çox az adam həmin görüşlə bağlı məlumatlandırılıb.

Bununla belə, ötən həftəsonu Cenevrədə Ukrayna və Avropa nümayəndə heyətləri ilə aparılan danışıqlardan sonra bu plan əhəmiyyətli dərəcədə dəyişdirilib.

Aytən