“Trampın bir gün ABŞ prezidenti olacağını desəydilər, gülərdim” 

Fransız filosofu, yazarı və siyasi xadimi Bernar Anri Levi amerikalı prezident Donald Trampla bağlı düşüncələrini bölüşüb.

Mar 13, 2025 - 17:02
“Trampın bir gün ABŞ prezidenti olacağını desəydilər, gülərdim” 

SAVASHMEDİA.az yazır ki, bu, ukraynalı jurnalist Dmitri Qordonun proqramında baş verib.  

“Tramp haqqında nə düşünürsünüz?” sualına cavabında Fransa prezidenti Emmanuel Makronla yaxınlığı ilə tanınan Бернар Анри Levi deyib ki, ABŞ prezidenti haqqında şəxsi düşüncələri önəmli deyil. 

“Amma onun dedikləri və etdikləri barədə nə düşündüyümü söyləyəcəyəm. Onun prezident Zelenski haqqında danışması dözülməzdir. Diktatordan, xalqının 4 faizinin dəstəklədiyi seçilməmiş prezidentdən danışır. Halbuki prezident Zelenski son onilliklər ərzində seçilmiş ən yaxşı Qərb lideridir. O, məncə, 73 faiz səslə seçildi. Beləliklə, Zelenski qeyri-adi şəkildə uğurlu seçilmiş və qeyri-adi populyar prezidentdir. Onun əsgərlərlə necə görüşdüyünü, katakombalara necə girdiyini görürəm. O, xalq tərəfindən seçilmiş siyasətçidir”, - deyə Levi əlavə edib. 

O, hesab edir ki, Trampın Ukraynada prezident seçkiləri ilə bağlı dedikləri təhqirdir, çünki hazırda seçkilərin keçirilməsini Konstitusiya yasaqlayır: “Hərbi vəziyyət zamanı, ölkənin 20 faizin işğal olunduğu, seçki məntəqələrinin təhlükə altında olduğu, rusların seçki məntəqələrini bombalamağa hazırlaşdığı üçün insanların getməyə qorxduğu vaxtda seçki keçirə bilməzsən. Trampın dedikləri, ilk növbədə, siyasi təhlili nəzərə almasaq, dözülməz dərəcədə təhqiramizdir”.

Bernar Anri Levi diqqətə çatdırıb ki, ilk dəfə Trampla 1978-ci ildə tanış olub: “Açığını desəm, kimsə mənə desəydi ki, bu adi insan bir gün Amerika Birləşmiş Ştatlarının prezidenti ola bilər, gülməkdən partlayardım. Bu, qeyri-mümkün görünürdü. İnanılmaz və mənə daha da qeyri-mümkün görünən odur ki, o, həmin vaxt Nyu-York ruhunun təcəssümü idi, hətta Nyu-Yorkun deyil, onun rayonlarından biri olan Kvinsin. Nyu York sakini idi. Və bu adamın Amerikanın dərin ştatlarının nümayəndəsi seçilə biləcəyi fikri, sadəcə, inanılmazdır. O, bu qədər yalan danışmağa necə nail olub ki, insanları Nyu York elitasına qarşı dərin dövlətlərin səsi olacağına inanmağa məcbur edib. Bu, cənab Trampdır və əslində, onunla görüşdüyüm vaxt onun prezident olacağını təsəvvür edə bilməzdim”. 

Bununla belə, Levi qeyd edib ki, Trampın ətrafında yüksək ixtisaslı insanlar var. “Marko Rubio yüksək keyfiyyətli insandır. Rubio Rusiyanın nə demək olduğunu bilir. Mən Maykl Uoltsu tanıyıram. Hər ikisini tanıyıram. O, Putinin kim olduğunu bilir, onun bütün dünyaya, demokratiyaya və Qərb dəyərlərinə niyə təhlükə yaratdığını bilir. O, bilir ki, Ukraynanı qorumaq ABŞ-nin milli maraqları məsələsidir. Beləliklə, bu biliklərin təsir edib-etməyəcəyini görəcəyik. Hələlik bunlar hamısı çox yaxşı deyil. Bu, aydındır”, - deyə Levi vurğulayıb.

“Bəs o, nə üçün belə edir?” sualına cavabında Levi ABŞ prezidentinin dezinformasiyaya məruz qaldığını istisna etməyib. 

“Ümid edirəm ki, ona yanlış məlumat verilib. Ümid edirəm ki, o, rus təbliğatı ilə məst olub. Taker Carlson, o saxta “Fox News” jurnalisti... Ümid edirəm ki, buna görədir. O, 2024-cü ildə Rusiyanın tammiqyaslı işğalına görə Ukraynanın məsuliyyət daşıdığını deyəndə, mən bilmirəm, o, axmaqdır, yoxsa  dezinformasiyaya məruz qalıb. Mən onun axmaq olduğunu düşünmürəm, əgər axmaqsansa, ABŞ prezidenti ola bilməzsən. Sadəcə, o, düşünür ki, həqiqət əhəmiyyət kəsb etmir. Biz isə həqiqətin dostlarıyıq”, - deyə fransız filosofu söyləyib.

Xatirə SADİQ