Trampın reytinqi düşür - “Reuters”
ABŞ prezidenti Donald Trampın işini bəyənmə reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə düşüb.
SAVASHMEDİA.az bu barədə “Reuters/Ipsos”a istinadən xəbər verir.
Məlumata görə, Trampın bəyənmə reytinqi onun demokrat sələfi Co Baydenin prezidentliyinin əksər dövründə olduğundan daha yüksək olaraq qalsa da, Reuters/Ipsos sorğusunun nəticələri göstərir ki, bir çox amerikalı onun addımlarından narazıdır.
Hazırda respondentlərin təxminən 42%-i Trampın prezident kimi fəaliyyətini bəyənir, halbuki üç həftə əvvəl Reuters/Ipsos-un oxşar sorğusu 43% göstərmişdi. Halbuki yanvar ayında Trampın andiçmə mərasimindən dərhal sonra amerikalıların 47% prezidentin fəaliyyətini bəyənirdi.
Respondentlərin təxminən 83%-i bildirib ki, ABŞ prezidenti istəməsə belə, federal məhkəmə qərarlarına tabe olmalıdır.
57% “ABŞ prezidentinin universitetlərin idarə olunması ilə razılaşmadığı halda, onların maliyyəsini kəsməsi normaldır” ifadəsi ilə razılaşmayıb.
66% isə prezidentin milli muzeylər və teatrlar kimi aparıcı mədəniyyət qurumlarına nəzarət etməli olduğunu hesab etmir.
Sorğu göstərib ki, inflyasiya və immiqrasiyadan tutmuş vergilərə və qanunun aliliyinə qədər bir sıra məsələlərdə Trampın fəaliyyətini bəyənməyən amerikalıların sayı daha çoxdur.
Onun ən güclü dəstək sahəsi olan immiqrasiya məsələsində respondentlərin 45%-i Trampın fəaliyyətini bəyənib, lakin 46%-i bəyənməyib.
Respondentlərin təxminən 59%-i, o cümlədən respublikaçıların üçdə biri bildiriblər ki, Amerika dünya arenasında nüfuzunu itirir.
Tədqiqat 6 gün ərzində aparılıb və ümumilikdə 4306 respondent arasında sorğu keçirilib. Statistik səhv 2%-dən çox deyil.
Bu arada “Gallup” sorğusunun yenicə dərc edilmiş nəticələri göstərib ki, Trampın ikinci müddətinin birinci rübündə bəyənmə reytinqi 45% təşkil edib. Bu, onun prezidentliyinin birinci dönəminin eyni mərhələsindəkindən yüksəkdir.
Xatirə SADİQ