“Trampın seçilməsinə görə hər kəs xoşbəxt olmalıdır” – Marko Rubio

“ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəni elə bitirmək məqsədi güdür ki, bir neçə ildən sonra yeni müharibə başlamasın”.

Jan 22, 2025 - 08:02
“Trampın seçilməsinə görə hər kəs xoşbəxt olmalıdır” – Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin yeni dövlət katibi Marko Rubio “СBS Mornings”ə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, münaqişə sona çatmalıdır: “Ona son qoymaq ABŞ-nin siyasətidir. Biz onun bitməsinə kömək etmək üçün hər şeyi etmək istəyirik. Biz bu münaqişənin sabit şəkildə bitməsi üçün səylər göstərəcəyik. Yəni biz münaqişənin sadəcə bitməsini, iki, üç və ya dörd ildən sonra yenidən bərpa olunmasını istəmirik. Biz sabitliyi təmin etmək istəyirik”.

Dövlət katibi qeyd edib ki, Ukrayna hazırda enerji infrastrukturu, itirilmiş insanlar və həyatlar, ölkəsini tərk edib xaricdə yaşamağa məcbur edilən milyonlarla ukraynalı üçün ən böyük bədəli ödəyir.

Rubio hesab edir ki, Donald Trampın ABŞ prezidenti seçilməsinə görə hər kəs çox xoşbəxt olmalıdır, çünki o, dünyada sülhü təşviq etmək və bu münaqişələrə son qoymaq istəyir.

Qeyd edək ki, Donald Tramp prezidentliyinin ilk günündə deyib ki,  Putinin müharibəni dayandırmaması Rusiyanı məhv edir. 

Putin isə Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrikində bildirib ki, Ukrayna müharibəsi ilə bağlı dialoqa hazırdır, lakin bu, Ukraynanın tam təslim olması şəraitində mümkündür. 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Trampın “güc vasitəsilə sülh” siyasəti uzunmüddətli və ədalətli sülhə nail olmaq üşün imkan yaradır. Yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın başlatdığı qanlı müharibəni sadəcə tez deyil, ədalətli şəkildə bitirməyə çalışır. 

Xatirə SADİQ