Britaniya səfiri sanksiyalara görə XİN-ə çağırıldı – Gürcüstanda 

Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Dec 20, 2024 - 10:30
Britaniya səfiri sanksiyalara görə XİN-ə çağırıldı – Gürcüstanda 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki bu, Britaniyanın Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri və digər polis məmurlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra baş verib. 

Səfir XİN-ə gəlsə də, mətbuata heç bir açıqlama verməyib. Hazırda diplomatla Gürcüstan XİN nümayəndələri danışıqlar aparır.

Qeyd edək ki, Britaniyanın dünən tətbiq etdiyi sanksiyalar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavini Aleksandr Daraxvelidze və Tbilisi polisinin rəisi Sulxan Tamazaşviliyə qarşı yönəlib. Qara siyahıya Gürcüstan xüsusi təyinatlılarının rəisi Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri də daxil edilib.

Britaniya hökuməti izah edib ki, bu şəxslər insan hüquqlarını pozan hərəkətlərə görə məsuliyyət daşıyırlar. İddia olunur ki, Gürcüstanda keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyi nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqini, eləcə də müxalifət liderlərinə və jurnalistlərə hücumları sanksiyalaşdırıb.

London sanksiyaları ABŞ hakimiyyəti ilə razılaşdıraraq tətbiq edib.

Xatirə SADİQ