Üç ölkə Şimali Koreyaya gücünü nümayiş etdirdi

Cənubi Koreya, ABŞ və Yaponiya yanvarın 15-də ən azı bir B-1B bombardmançısının iştirakı ilə birgə hava təlimləri keçirib.

Jan 15, 2025 - 13:03
Üç ölkə Şimali Koreyaya gücünü nümayiş etdirdi

SAVASHMEDİA.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir. 

Bu təlim Şimali Koreyanın hipersəs ballistik və qısa mənzilli raketlərin son buraxılışından sonra baş tutub. 

Üçtərəfli təlimdə Cənubi Koreyanın F-15K və Yaponiyanın F-2 döyüş təyyarələri də iştirak edib. Hər üç tərəf sonuncu dəfə 2024-cü ilin noyabrında belə təlimlər keçirib. 

Son təlimlər Pxenyanın bu ayın əvvəlində elan etdiyi hipersəs ballistik raket buraxılışı kimi inkişaf edən nüvə və raket təhdidlərinin qarşısını almaq və onlara cavab üçün birgə imkanları gücləndirmək məqsədilə keçirilib.

Üçtərəfli təlimdən əlavə, Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri birgə müdafiə imkanlarını gücləndirmək məqsədi ilə eyni gündə ayrı-ayrılıqda ilin ilk hava döyuş təlimlərini keçirib.

Cənubi Koreya HHQ-nin iki F-15K qırıcısı və ABŞ HHQ-nin iki A-10 hücum təyyarəsi hava dəstəyi təlimində iştirak edib. Bu zaman təxminən 20 MK-82 bombası istifadə olunub. 

Xatirə SADİQ