Epsteyin işində kimlərin adı çəkilir? – Mask, Şahzadə Endrü, Bill Klinton…
Amerikalı maliyyəçi Ceffri Epsteynin ittiham olunduğu uşaq cinsi alveri işində 100-dən çox nüfuzlu şəxs iştirak edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ baş prokurorunun müavini Todd Blanş həmin şəxslərlə bağlı maliyyəçinin köməkçisi Qisleyn Maksvelli dindirib. Qisleyn Maksvell yetkinlik yaşına çatmayan qızları Epşteyn üçün cinsi istismara cəlb etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum olunub.
Doqquz saat davam edən dindirmə ABŞ prezidenti Donald Trampın göstərişi ilə baş tutub. Bu, Epsteynin fəaliyyəti və əlaqələri haqqında Maksvellin bildiklərini hökumət rəsmilərinə ilk dəfə rəsmi şəkildə açıqlaması olub.
Maksvell ilk dəfə Şahzadə Endrü haqqında sorğu-suala çəkilib. O, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton, “Microsoft”un qurucusu Bill Qeyts, investorlar Les Veksner və Leon Blək, hüquqşünaslar Alan Derşovits, amerikalı milyarder İlon Mask və onun qardaşı Kimbal da daxil olmaqla 100-dən çox digər tanınmış şəxs haqqında danışıb.
Mənbə qeyd edib ki, ümumilikdə bu işlə bağlı ən azı 5 milyon sənəd mövcuddur.
“Amerikanın Səsi” xatırladıb ki, Epsteyn siyasətçilər və kral ailəsi ilə tanışlığı ilə məşhur olan amerikalı milyarderdir. KİV yazırdı ki, Epsteyn iki ABŞ prezidenti – Klinton və Tramp, həmçinin Britaniya şahzadəsi Endrü ilə dost olub. Maliyyəçi 2019-cu ildə insan alverinə görə məhkəməni gözləyərkən, Nyu-York həbsxanasının kamerasında intihar edib.
Epsteyn hüquq-mühafizə orqanlarının diqqətini ilk dəfə 2005-ci ildə cəlb edib. Florida polisinə onun öz mülkündə uşaqlara qarşı zorakılıq etdiyi barədə məlumat daxil olub. Lakin müstəntiqlər hesab edirlər ki, o, ən azı 1994-cü ildən azyaşlılara qarşı zorakılıq etməyə başlayıb.
“The Palm Beach Daily News” maliyyəçinin uzun illər ciddi cəzadan necə yayına bildiyinin təfərrüatlarını açıqlayıb. İlk dəfə 2006-cı ildə Epşteynə qarşı ittiham irəli sürülüb. 2008-ci ildə o, xüsusilə azyaşlı qızı fahişəliyə dəvət etməkdə təqsirli olduğunu etiraf edib və 18 ay həbs cəzasına məhkum edilib. Amma o, əsasən gecələri həbsxanada keçirib, gündüzlər işə getməkdə sərbəst olub. 2019-cu ildə Epsteyn yenidən həbs olunub və yetkinlik yaşına çatmayanları da daxil olmaqla, insan alverində və cinsi istismarda ittiham olunub. O, həbs olunduqdan bir ay sonra intihar edib.
Hazırda ABŞ-da “Epsteyn faylları” adlanan sənədlər aktiv şəkildə müzakirə olunur. İlon Maskın iddiasına görə, bu materiallarda Trampın da adı çəkilir.
ABŞ prezidenti təsdiqləyib ki, bu barədə vəkilindən soruşub. Vəkil bildirib ki, “Prezident Trampa zərər verə biləcək heç bir məlumat” orada yoxdur.
Xatirə SADİQ