Üç ölkədə təyyarə qəzası ilə əlaqədar cinayət işi açıldı

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb.

Dec 25, 2024 - 17:29
Üç ölkədə təyyarə qəzası ilə əlaqədar cinayət işi açıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC” telekanalı məlumat yayıb. 

Beləliklə, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Məcəlləsinin 262.3 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma) və 314.3-cü (səhlənkarlıq) maddələri, Rusiya İstintaq Komitəsi CM-nin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma), Qazaxıstan hüquq-mühafizə orqanları 345-ci maddə (nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) üzrə cinayət işi qaldırıblar. 

Azərbaycan və Qazaxıstanda təhlükəsizlik qaydalarının pozulmasına görə maksimum cəza 10 il, Rusiyada isə 5 ildir.

Xatırladaq ki, Qroznı hava limanı duman səbəbindən Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarəni dekabrın 25-də səhər öncə Mahaçqalaya, oradan isə Aktauya yönləndirib. Ekipaj fövqəladə vəziyyət siqnalı ötürüb və yerli vaxtla saat 11-də Aktauda eniş tələb edib.

Qəza zamanı təyyarədə 5 ekipaj üzvü və 64 sərnişin olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olub. İki nəfərin hansı ölkənin vətəndaşı olduğu məlum deyil. 

Qazaxıstan Baş Prokurorluğunun məlumatına görə, 32 nəfər sağ qalıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib ki, sağ qalanların arasında ekipaj üzvü yoxdur.

“Azərbaycan Hava Yolları” təyyarənin qəzaya uğramasının ilkin səbəbini gəmi ilə quşların toqquşması ilə izah edib. 

Qazaxıstanın “ORDA” portalı hadisə şahidlərinə istinadən xəbər verib ki, quş mühərrikə dəyib, bundan sonra göyərtədə oksigen balonu partlayıb və insanlar huşunu itirməyə başlayıb. Manqistau vilayətinin səhiyyə idarəsi də balonun partlaması barədə məlumat verib.

Xatirə SADİQ