Ukrayna Aİ-ni qəti addımlar atmağa çağıracaq - “Reuters”

Kiyev gələn həftə Avropa İttifaqını (Aİ) Rusiyanı təcrid etmək üçün qəti addımlar atmağa, o cümlədən Rusiya aktivlərinə həbs qoymaq və Rusiya neftinin bəzi alıcılarına qarşı sanksiyalar tətbiq etməyə çağıracaq.

May 21, 2025 - 15:01
Ukrayna Aİ-ni qəti addımlar atmağa çağıracaq - “Reuters”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Aİ-yə təqdim ediləcək və hələ açıqlanmayan sənəddə Ukrayna hökuməti Vaşinqtonun növbəti addımları ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq, 27 ölkəni sanksiyalarla bağlı daha müstəqil və iddialı mövqe ortaya qoymağa dəvət edəcək.

40 səhifəlik tövsiyələr arasında sanksiyaya məruz qalan şəxslərin aktivlərinin daha tez müsadirə edilməsinə və onların Ukraynaya verilməsinə imkan yaradan qanunvericilik çağırışları da var. Sanksiyalardan təsirlənənlər sonradan Rusiyadan təzminat tələb edə bilər.

Həmçinin təklif edilir ki, Aİ-nin sanksiyaları təkcə təşkilatın ərazisinə deyil, həm də Rusiya ilə əməkdaşlıq üçün Avropa texnologiyalarından istifadə edən xarici şirkətlərə də şamil edilsin. Ayrı bir bənddə isə Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təklif olunur.

Bu cür sanksiyalar Hindistan və Çin kimi əsas idxalçıları vura bilər. Bu, Avropanın əvvəllər atmağa cəsarət etmədiyi ciddi addım olardı. 

“Reuters” xatırladıb ki, ABŞ prezidenti Donald Tramp bu ehtimalı açıq şəkildə müzakirə etsə də, sonda tədbir görməmək qərarına gəldi.

Sənəddə ayrı-ayrı ölkələrin veto hüququndan yan keçmək üçün Aİ-nin sanksiyalar mexanizminin dəyişdirilməsi təklifi də var. Bu təklifə əsasən, səs çoxluğu ilə səsverməyə keçmək irəli sürülüb.

Agentlik qeyd edib ki, Tramp bazar ertəsi Vladimir Putinlə telefon danışığından sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməmək qərarına gəlib. Bu isə Avropa liderlərini və həftələrdir ABŞ-ni daha sərt cavab verməyə çağıran Kiyevi məyus edib.

Mənbə agentliyə bildirib ki, Tramp Putinlə söhbətindən sonra Ukrayna və Avropa liderlərinə deyib ki, o, hələlik sanksiyaları sərtləşdirmək istəmir və danışıqlara vaxt vermək istəyir.

Xatirə SADİQ