Ukrayna dronları Rusiyanın bu şəhərinə çatdı – Sakinlərin təxliyəsinə başlanıldı

Rusiyadakı Maykop şəhəri bu gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Oct 10, 2024 - 11:22
Ukrayna dronları Rusiyanın bu şəhərinə çatdı – Sakinlərin təxliyəsinə başlanıldı

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Adıgey Respublikasının başçısı Murat Kumpilov bildirib. 

Onun sözlərinə görə, tələfat yoxdur, hücum nəticəsində baş vermis yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülür. 

Maykop şəhərinin meri Gennadi Mitrofanov deyib ki, Adıgey paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib, insanlara lazımi köməklik göstərilir. O, Maykopda xüsusi vəziyyətin tətbiq edilməsi və əhalinin kütləvi təxliyəsi ilə bağlı məlumatları təkzib edib.

Amma “Mash” teleqram kanalı xəbər verib ki, Adıgeyin Rodnikovı kəndindən 1300 nəfərə yaxın sakin təxliyə edilir. Adıgeydən olan görüntülər də internetdə yayımlanıb. Videoda partlayışın küt səsi eşidilir.

“Mash” yazır ki, Rusiyanın bu regionuna hücumda PD-2 pilotsuz təyyarələri hərəkətə gətirilib. Səhər saat 3-də onlardan biri hava hücumundan müdafiə sistemini işə salıb və Rodnikovy kəndi yaxınlığındakı sahəyə düşüb. Dronun 19 kiloqram partlayıcı daşıdığı və Ukrayna sərhədindən təxminən 500 kilometr məsafəyədək uçduğu dəqiqləşdirilib. Belə İHA-nın 1000 kilometrə qədər məsafə qət edə bildiyi vurğulanıb. 

Rusiya Müdafiə Nazirliyinin gecə baş verənlər barədə hesabatında Adıgeyə hücumdan bəhs edilməyib.

Xatirə SADİQ