“Ukrayna ilə bağlı xoşagəlməz qərarlar qəbul edilə bilər” – Hakan Fidan
“Ukraynada sülhün bərqərar olması və Ukraynanın bərpa olunması üçün Türkiyə istənilən rolu oynamağa hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World” telekanalına müsahibəsində deyib.
Hakan Fidan bildirib ki, bunun üçün ilk növbədə atəşkəs olmalı, effektiv və uzunmüddətli sülh planına sahib olmaq lazımdır. O, əlavə edib ki, indi ABŞ və avropalılar mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirlər.
“Buna necə nail olmaq olar, onu necə saxlamaq olar və biz müharibənin yenidən başlamasının qarşısını necə ala bilərik? Bunlar tamamilə qanuni suallardır. Lakin atəşkəs üçün qısamüddətli təcili ehtiyacın uzunmüddətli strateji maraqlarla uzlaşdırılması hazırda çox vacib vəzifədir və biz məhz hazırda bunun üzərində işləyirik”, - deyə Fidan diqqətə çatdırıb.
Eyni zamanda nazir ərazilər kontekstində “xoşagəlməz qərarlar” qəbul ediləcəyini istisna etməyib: “İdeal dünyada biz Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasını istərdik. Amma indi müharibə gedir və təəssüf ki, bu müharibənin nəticəsi olaraq bəzi xoşagəlməz qərarlar qəbul etmək məcburiyyətindəyik”.
Onun sözlərinə görə, hazırda “nəyi saxlamaq, nədən keçmək, nəyi ertələmək olar” məsələlərində qərar verməyə çalışırlar: “Düşünürəm ki, bunlar hazırda hamının – amerikalılar, avropalılar, bizlər, ruslar və ukraynalıların diqqət mərkəzində olduğu prioritet sahələrdən bəziləridir”.
Xatirə SADİQ