“Ukrayna və Gürcüstanı NATO-ya məqsədli şəkildə qəbul etmədilər” – Bidzina İvanişvili 

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri və adı seçki siyahısında birinci yerdə gedən Bidzina İvanişvili NATO-nu və Qərbi ittiham edib. 

Oct 22, 2024 - 12:12
Oct 22, 2024 - 12:13
“Ukrayna və Gürcüstanı NATO-ya məqsədli şəkildə qəbul etmədilər” – Bidzina İvanişvili 

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “İmedi” telekanalına müsahibəsində danışıb.  

İvanişvilinin sözlərinə görə, 2008-ci ildə Gürcüstan və Ukrayna alyansın əsl koordinatorları tərəfindən NATO-ya qəbul edilməyib, çünki onları Rusiya Federasiyasına qarşı müharibədə "canlı qüvvə” kimi qoruyub saxlayıblar. 

“Qərb siyasətçiləri çoxlu bəyanatlar verirlər ki, biz NATO-nun Rusiyanın müharibəsinə qarışmasının qarşısını almaq üçün hər şeyi edirik, Ukraynaya silah, pul, bütün vasitələr verəcəyik, ancaq canlı qüvvə yalnız Ukraynadan olmalıdır... Bu elə 2008-ci ildə də, əlbəttə ki, planlaşdırılırdı”, - deyə İvanişvili o vaxtkı Rusiya-Gürcüstan müharibəsindən danışıb.

O, əlavə edib ki, bu fonda ölkəsi Saakaşvilinin sayəsində yaxşı məşq keçdi: “O, 2008-ci ildə bizi birinci müharibəyə sürüklədi”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Gürcü arzusu” inandırmağa çalışır ki, Gürcüstanda guya Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyirlər və yalnız hakim partiya bunun qarşısını ala və sülhü qoruya bilər.

Bu ritorika xüsusilə oktyabrın 26-da proporsional sistemlə keçiriləcək parlament seçkiləri ərəfəsində daha da güclənib. Hakim partiya müxalifəti “ikinci cəbhə” açmaq və müharibəni Gürcüstana gətirmək istəyində ittiham edir.

Xatirə SADİQ