Kobaxidzedən Bersenin "mənə vəd verdi" açıqlamasına cavab - "Elə deməmişəm"

Avropa Şurasının (AŞ) baş katibi Alen Berse xarici agentlər haqqında qanununa dəyişikliklər ediləcəyi ilə bağlı Gürcüstan hakimiyyətindən vəd aldığını bildirib. 

Dec 20, 2024 - 15:11
Kobaxidzedən Bersenin "mənə vəd verdi" açıqlamasına cavab - "Elə deməmişəm"

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu A.Berse Tiflisə səfərinin yekunlarına həsr olunmuş brifinqdə deyib. 

“Hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının nümayəndələrindən ibarət işçi qrup yaradılacaq və qanunvericiliyə hansı dəyişikliklərin edilməsinin lazım olduğu müəyyənləşəcək”, - deyə Berse bildirib.

Alen Berse 

Berse həmçinin bildirib ki, etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməyin yolverilməzliyi barədə hakimiyyətə xəbərdarlıq edib. O, deyib ki, dövlət qurumlarından belə hallarla bağlı “müstəqil, operativ, şəffaf və effektiv araşdırma aparmaq”, habelə inzibati qaydada həbs edilənlərin hamısını azad etmək üçün “müəyyən vədlər” alıb.

Gürcüstan müxalifətinin tənqidlərinə cavab verən Berse vurğulayıb ki, o, Tiflisə seçkiləri legitimləşdirmək və ya legitimləşdirməmək üçün deyil, siyasi böhranın həllinə köməyə cəhd etmək üçün gəlib. O qeyd edib ki, vəziyyəti dəyərləndirmək üçün iqtidar və müxalifət nümayəndələri, diplomatik korpus nümayəndələri ilə görüşüb.

“Bu, Gürcüstan üçün kritik vaxtdır. Gürcüstan siyasi gərginliklə, qütbləşmiş ictimai müzakirələrlə, zorakılıqla doludur. Mən burada seçkiləri legitimləşdirmək üçün deyiləm, seçkilərin müşahidəsi ilə bağlı rəy yazan başqa səlahiyyətli qurumlar da var. Səfərimin əsas məqsədi ondan ibarətdir ki, mövcud siyasi böhran yalnız demokratiya, insan haqları və qanunun aliliyi kimi fundamental prinsipləri qoruduğumuz halda həll edilə bilər", - Berse brifinqdə deyib.

Lakin Gürcüstanın baş naziri İrakli Kobaxidze AŞ baş katibinin xarici agentlər haqqında qanunun dəyişdirilməsi vədi ilə bağlı dediklərini təkzib edib

Baş nazir bu gün keçirdiyi brifinqdə deyib ki, AŞ baş katibi Alen Berse ilə görüşdə yalnız hökumətin bu məsələnin müzakirəsinə açıq olduğunu bir daha təsdiqləyib.

“Biz qanunvericilik, o cümlədən "Şəffaflıq haqqında" qanunu müzakirə etdik. Müzakirələrə açıq olduğumuzu bir daha təsdiqlədik. İstər qanunun qəbulu zamanı, istərsə də onun qəbulundan sonra biz həmişə müzakirələrə açıq olmuşuq. Bir daha təkrar edirəm, əgər kimsə bu qanunda neqativ nəyinsə olduğunu sübut etsə, biz, təbii ki, bu məsələni o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlıq çərçivəsində müzakirə etməyə hazırıq”, - deyə Kobaxidze bildirib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 28-də kütləvi etirazlar fonunda “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Bu qanuna əsasən, QHT və KİV-lər xaricdən 20%-dən çox maliyyə alırsa, müvafiq reyestrdə qeydiyyatdan keçməlidir. Bu normalara əməl edilməməsinə görə cərimələr var.

Venesiya Komissiyası may ayında ildirdi ki, bu qanun antidemokratikdir və tənqidi səsləri boğmaq üçün istifadə oluna bilər.

Xatirə SADİQ