Ukrayna və Rusiya heyətləri yenidən İstanbuldadır
Bu gün İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri sülh danışıqlarının yeni raundu üçün bir araya gələcək.
SAVASHMEDİA.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Məlumata görə, görüş saat 13:00-a təyin edilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında danışıqlarda iştirak etməyi planlaşdırır.
Türkiyə mediası Ukrayna nümayəndə heyətinin İstanbula gəlməsi ilə bağlı xəbərlər yayıb. Rusiya nümayəndə heyəti dünən axşam saatlarından İstanbuldadır.
Rusiya nümayəndə heyətinin tərkibi olduğu kimi qalıb. Heyətə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Ukrayna nümayəndə heyətinin tərkibində isə dəyişikliklər baş verib. Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanına əsasən, əvvəlki görüşdə iştirak etmiş bir danışıqçı çıxarılıb, üç yenisi daxil edilib.
“Kommersant” yazır ki, dünyanın hər yerindən yüzdən çox jurnalist Çırağan sarayının yaxınlığında toplaşıb. Akkreditasiya siyahılarından istifadə etməklə KİV-lərin Çırağan Sarayının ərazisinə girişi təşkil edilib.
Xatırladaq ki, Ukrayna və Rusiya arasında danışıqların birinci raund mayın 16-da İstanbuldakı Dolmabaxça sarayında baş tutmuşdu. Həmin danışıqlar zamanı tərəflər 1000-dən 1000-ə qədər formatda məhbusların mübadiləsi və sülh yolu ilə nizamlanma təklifləri ilə memorandumun hazırlanması barədə razılığa gəlmişdilər.
Xatirə SADİQ