“Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bitəcəyinə inanmır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ərdoğan Fox News telekanalına müsahibəsində deyib.
Rusiya və Ukraynanın müharibədə böyük itkilər verdiyini vurğulayan Ərdoğan əlavə edib ki, Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz, Avropa isə, çətin ki, əbədi Kiyevə iqtisadi yardım göstərə bilsin.
“Mən inanıram ki, bu (yardım – red.) davam edəcək. Eyni zamanda, ABŞ-nin dəstəyinin nə qədər uzun davam edəcəyini bilmirəm. Mən bunu qiymətləndirə bilmərəm”, - deyə Türkiyə prezidenti bildirib.
Aparıcının “bu o deməkdir ki, müharibə tezzliklə bitə bilərmi” sualına Ərdoğan belə cavab verib: "Düzünü desəm, bunun baş verəcəyinə inanmıram. Bu, o qədər də yaxşı xəbər deyil və biz bu barədə düşünürük və bu, ürəyimizdə ağır yükdür”.
O, həmçinin qeyd edib ki, Avropa və NATO Türkiyənin Rusiyaya yanaşmasından istifadə etməlidir. Bu yanaşma ondan ibarətdir ki, Ankara həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətlərə malikdir.
Xatirə SADİQ