Ukraynadan Zelenskinin istefasını tələb edən Trampa cavab - "Uğursuz plandır"

Ukrayna prezidentinin müşaviri Dmitri Litvin ABŞ-nin Rusiya ilə atəşkəs razılaşmasından sonra Kiyevi seçkilər keçirməyə çağırmasnı “uğursuz plan” adlandırıb.

Feb 2, 2025 - 22:27
Ukraynadan Zelenskinin istefasını tələb edən Trampa cavab - "Uğursuz plandır"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Birləşmiş Ştatlar Ukraynada seçkilərin ilin sonuna qədər keçirilməsini istəyir.

"Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, yalnız seçki ilə bağlı bir neçə sitat var, ona görə də onun mövqeyini tam qiymətləndirmək çətindir. Ancaq onun planı yalnız atəşkəs və seçkilərdirsə, bu, uğursuz plandır", - Litvin bildirib. 

“Moskva raket və sursat istehsalını artırmağa, sanksiyalardan yayınmağın və neftdən pul qazanmağın yeni yollarını tapmağa davam edir. Və aydındır ki, bütün bu silahlar demokratik qonşulara hörmət etmək üçün yaradılmayıb. Rusiyanın Şimali Koreya ilə hərbi ittifaqı açıq şəkildə atəşkəsə hörmət əlaməti deyil. Ona görə də biz, şübhəsiz ki, əsas tərəfdaşların rəsmilərinin daha dərin yanaşmasını görməyə ümid edirik”, - deyə Vladimir Zelenskinin müşaviri əlavə edib.

Ukraynada seçkilər Rusiyanın 2022-ci ildə işğalından sonra ölkənin tətbiq etdiyi hərbi vəziyyətə görə qadağan edilib.

Oğuz