“Ukraynalıları tanımayıblar, Zelenskini yenidən seçəcəyik” - Dmitri Qordon
Martın 1-dək Donald Tramp Ər-Riyadda Putinlə görüşməlidir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu tanınmış ukraynalı jurnalist Dmitri Qordon həmkarı Alesya Batsmanla birgə internet üzərindən canlı yayım zamanı deyib.
Ər-Riyadda danışıqlar aparmış ABŞ nümayəndə heyətindəki mənbəyə istinadən Dmitri Qordon bildirib ki, ABŞ və Rusiya liderlərinin gündəmində 3 məsələ olacaq.
“Birincisi, qaynar fazanın, yəni atışmanın dayandırılması. Trampla Putin bununla bağlı müqavilə imzalayır. İkincisi, Ukraynada seçkilərin keçirilməsi. Üçüncüsü, Ukraynanın yeni rəhbərliyi ilə sülh müqaviləsinin bağlanması. Sadə sözlə desək, Putinin ideyası necədir? Biz (Rusiya – red.) münaqişəni dondururuq, siz isə bizdən sanksiyaları götürürsünüz. Amerikalılar deyirlər ki, biz dərhal sanksiyaları götürə bilmərik. Ruslar deyirlər ki, gəlin bunu mərhələli şəkildə edin”, - deyə Qordon danışıqların təfərrüatlarından danışıb.
Onun sözlərinə görə, sonra ruslar Zelenski amilini yox etməkdan danışıblar: “Onlar amerikalılara deyiblər ki, bizə Zelenskini, ümumiyyətlə, bütün rəhbərliyi aradan qaldırmaq lazımdır. Bu, müharibə hökumətidir. Biz onunla sülh müqaviləsi bağlamaq istəmirik, onsuz da o, qeyri-kegitimdir. Görürsünüz, çox tərsdir. Bizə onunla rahat deyil. Sizə də yəqin ki. Ukrayna seçkilərə hazırlaşanda biz də həmin seçkilərə hazırlaşarıq. Münqişənin dondurulması zamanı rusiyayönümlü partiyalara, rus dilinə, konfessiyasına fəaliyyət icazəsi lazımdır ki, rusiyayönümlü partiyalar seçkidə iştirak edə bilsin”, - deyə Qordon danışıb.
Alesya Batsmanın “Bu, rusiyönümlü telekanallar, KİV-lər, Ukraynada sübutlarla vətənə xəyanətdə ittiham olunmuş Rusiya agentləri deməkdir...” replikasına Qordon gülərək “Bəli” cavabını verib.
Qordon deyib ki, hətta Rusiyanın kimi Ukrayna prezidenti vəzifəsinə irəli sürmək istədiyi barədə məlumata malikdir.
“Ad çəkməyəcəyəm. Rusdur. Həmin şəxs bilir ki, mən bunu bilirəm. Amma mən bilirəm ki, onun heç bir şansı yoxdur”, - deyə Qordon əlavə edib.
Ukraynalı jurnalist diqqətə çatdırıb ki, amerikalılar və ruslar indiyədək Ukraynanı tanımayıblar: “Başa düşmürlər ki, bizə təzyiq etsələr, biz prinsip olaraq onların istəmədiklərini edəcəyik. Əgər onlar Zelenskinin aradan götürülməsi üçün təzyiq göstərsələr, səsvermə nəticəsində onun yenidən prezident seçiləcəyini istisna etmirəm. Görəcəksən. Çünki bizə təzyiq etmək olmaz. Biz özümüz hər şeyi həll edirik”, - deyə Qordon bildirib.
Alesya Batsmanın “Deməli, üç ildir, ümumiyyətlə, 2014-cü ildən bəri 10 ildir Putin hərbi yolla Ukraynanı işğal edə, əsarətə sala bilməyib, indi siyasi yolla Ukraynanı işğal etmək istəyir” replikasına Qordon belə cavab verib:
“Ona görə də Putin indi Trampla razılaşdırmaq istəyir ki, bütün maliyyə resurslarını Ukraynanın siyasi yolla ələ keçirilməsinə yönəltsin. Hibrid müharibə ilə hər şeyə nəzarət etməyə çalışacaqlar. Onlar belə düşünürlər, amma bu, elə olmayacaq. Xəbərlər pisdir, amma mahiyyətcə yaxşıdır”.
Xatirə SADİQ