“Zelenski üzr istəmək niyyətində deyil, ruhdan da düşməyib” – BBC

“Ağ Evdəki tənqiddən sonra Britaniyada yüksək səviyyədə qarşılanan Zelenski ən azı ictimaiyyət arasında ruhdan düşmüş vəziyyətdə görünmürdü”.

Mar 4, 2025 - 18:26
“Zelenski üzr istəmək niyyətində deyil, ruhdan da düşməyib” – BBC

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Londondakı mətbuat konfransında iştirak edən BBC-nin siyasi icmalçısı Lora Kyunsberq yazıb. 

Onun sözlərinə görə, mətbuat konfransında Zelenski öz sözlərinin düzgün anlaşılmasına əmin olmaq üçün Ukrayna dilində danışıb. 

“Əgər əhvalımızı yüksək tutmasaq, hamını pis vəziyyətdə qoyarıq”, - deyə Zelenski bildirib. O, əlavə edib ki, Donald Trampın tələblərindən birini – ABŞ-yə Ukraynanın bəzi təbii sərvətlərinə çıxış imkanı verəcək təbii ehtiyatlar barədə sazişi imzalamaq – yerinə yetirməyə hazırdır.

Bundan əlavə, üç illik müharibədən sonra bütün təzyiqlərə, Ağ Evin bütün tələblərinə baxmayaraq, bazar günü axşam Zelenski qərarlarında qətiyyət nümayiş etdirib. Özəlliklə o, jurnalistlərə bildirib ki, indiki mərhələdə Rusiyanın zəbt etdiyi ərazilərin tərk olunmasını müzakirə etmək düzgün deyil.

Kyuensberq qeyd edib ki, Zelenski ABŞ prezidentinin çevrəsinin dəfələrlə tələb etdiyi kimi Trampdan üzr istəmək və ya Oval kabinetdə baş verənlərlə bağlı təəssüfünü ifadə etmək niyyətində deyil. Hətta NATO rəhbəri Zelenskini Amerika lideri ilə münasibətləri bərpa etməyin yolunu tapmağa çağırsa da, Stansteddəki dar otaqda söhbət zamanı Zelenskinin tonunda onun lütfkarlıq nümayiş etdirməyə çalışdığını göstərən heç nə yox idi.

O qeyd edib ki, Ağ Evə çatmağa onlarla saat vaxt sərf edib və səfəri özlüyündə hörmət əlaməti olub. O, həmçinin bildirib ki, heç kəsi təhqir etməyib və Oval kabinetdə baş vermiş mübahisə heç bir tərəf üçün müsbət olmayıb.

Kyunsberq yazır ki, Zelenski sözlərini çox diqqətlə seçirdi. O, bacardığı qədər baş verənlərlə bağlı “məhkəmə ekspertizası” keçirməməyə çalışırdı. Tramp haqqında danışarkən kobudluq etməyib – onun adını demək olar ki, çəkməyib – və gərginliyin zamanla azalacağını ehtimal edib.

“Oval kabinetdə baş verən bütün dəhşəti görmüsünüzsə, siz yəqin ki, Zelenskini üzr istəməmək qərarına görə günahlandırmayacaqsınız. Əgər Zelenskinin ölkəsinin başına gələnlər haqqında dediklərinə qulaq assaq, başa düşmək olar ki, niyə ona elə gəlir bu mərhələdə müharibəni dayandırmaq üçün güzəştlərə getmək olmaz. Şəxsi söhbətdə onun zorakılıq və əziyyətlər haqqında necə danışdığını eşidəndə başa düşəcəksiniz ki, niyə kiminsə dünyaya onun kimi baxmadığını, onun kimi düşünmədiyini qəbul etmir. Çünki başlıcası – öz xalqını nəyin bahasına olursa-olsun müdafiə etmək və təcavüzkar Putinə cəzadan qaçmağa imkan verməməkdir”, - deyə siyasi icmalçı vurğulayıb.

Xatirə SADİQ