Ursula fon der Lyayenin təyyarəsinə GPS müdaxiləsi olunub
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin göyərtəsində olduğu təyyarə GPS nasazlığı səbəbindən Bolqarıstanın Plovdiv şəhərində hava limanına enmək məcburiyyətində qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times”, “The Guardian” nəşrləri məlumat yayıb.
Məlumata görə, təyyarə şəhər hava limanına yaxınlaşarkən elektron naviqasiya vasitələri sıradan çıxıb.
Üç məmurun sözlərinə görə, insident Rusiyanın müdaxilə əməliyyatı kimi qiymətləndirilir. “GPS bütün hava limanı ərazisində işləməyib”, - deyə məmurlardan biri söyləyib.
Onlar əlavə ediblər ki, hava limanında bir saat dövrə vurduqdan sonra təyyarənin pilotu kağız xəritələrdən istifadə edərək əllə idarə edərək eniş etmək qərarına gəlib.
“Bu, danılmaz müdaxilə olub” - deyə mənbələrdən biri vurğulayıb.
Bolqarıstanın hava nəqliyyatı idarəsi “Financial Times”a verdiyi açıqlamada insidenti təsdiqləyib.
“2022-ci ilin fevral ayından etibarən (GPS) batırılma, son zamanlar isə siqnal saxtakarlığı hallarında nəzərəçarpacaq artım müşahidə olunub”, - məlumatda deyilir.
Qurumdan bildirilib ki, belə əngəllər GPS siqnalının düzgün qəbulunu pozur, bu da təyyarə və yer sistemləri üçün müxtəlif əməliyyat problemlərinə səbəb olur.
Nəşr qeyd edib ki, Ursula fon der Lyayen Bolqarıstanın baş naziri Rosen Jelyazkov ilə görüşmək və sursat zavodunu ziyarət etmək üçün Varşavadan Plovdivə uçub.
Səfərdən sonra Avropa Komissiyasının rəhbəri eyni təyyarə ilə Plovdivi insidentsiz tərk edib.
Xatirə SADİQ