Vaşinqon hərbi yardımı hələ davam etdirəcək – Donald Tramp
Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardımı hələ bir müddət də davam edəcək.
SAVASHMEDİA.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
Yerin təkinə çıxışla bağlı müqavilə imzalandıqdan sonra Ukraynanın nə əldə edəcəyi barədə suala Tramp belə cavab verib: “350 milyard dollar, çoxlu avadanlıq və hərbi texnika. Və mübarizəni davam etdirmək hüququ. Birincisi – mübarizə hüququdur. Onlar çox cəsur və yaxşı əsgərlərdir, lakin ABŞ-sız, onun pulu və texnikası olmasaydı, bu müharibə çox qısa müddət ərzində bitərdi”.
Hərbi texnikanın gələcəkdə də Ukraynaya verilib-verilməyəcəyi haqqında suaıa cavab olaraq Tramp deyib ki, bu, müəyyən müddət davam edə bilər. “Mümkündür ki, Rusiya ilə razılığa gələnə qədər. Biz Rusiya ilə razılığa gəlməliyik, əks halda bu, davam edəcək. Bu, bir müddət davam edə bilər və ya tez bir zamanda həll edilə bilər. Düşünürəm ki, bu, tez bir zamanda həll olunacaq. Mən prezident Putinlə danışdım. Düşünürəm ki, o, bunu yoluna qoymaq istəyir”, – deyə Tramp vurğulayıb.
Xatirə SADİQ