“Vaşinqton Neronun sarayına çevrilib” – fransız senator

Fransız senator ABŞ prezidenti Donald Trampı Neronla müqayisə edib və amerikalı milyarder İlon Maskı “ketaminlə məst edilmiş təlxək” adlandırıb.

Mar 6, 2025 - 15:28
“Vaşinqton Neronun sarayına çevrilib” – fransız senator

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransa senatında LIRT sağ-mərkəzçi qrupunun başçısı Klod Malyure deyib.

“Avropa öz tarixində kritik yol ayrıcında dayanır. Amerika qalxanı dağılır, Ukrayna dəstəksiz qalmaq riski ilə üz-üzədir, Rusiya güclənir, Vaşinqton Neronun sarayına çevrilib: imperator-təhrikçi, itaətkar saray əyanları və dövlət aparatında təmizlik aparmağa cavabdehlik daşıyan ketaminlə çməst edilmiş təlxək”, - deyə senator vurğulayıb.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp açıq mesaj ünvanlayıb: “Amerikanın müttəfiqi olmaq mənasızdır”. 

Senator hesab edir ki, ABŞ Avropanı müdafiə etməyəcək, əksinə, tariflər tətbiq edəcək və hücum edən diktatorları dəstəkləyərək əraziləri ələ keçirməklə hədələyəcək. 

Onun sözlərinə görə “sövdələşmə kralı” (Tramp – red.) əslində kapitulyasiya sənətini nümayiş etdirir. “O, düşünür ki, Putinə quyruq bulamaqla Çini qorxudacaq. Lakin bu iflası görən Si Cinpin, şübhəsiz ki, Tayvanı işğal etmək üçün hazırlıqları sürətləndirir. ABŞ tarixində heç vaxt prezident düşmən qarşısında kapitulyasiya etməyib. Ağ Evin rəhbəri heç vaxt müttəfiqinə qarşı təcavüzkarı dəstəkləmirdi”, - deyə Klod Malyure vurğulayıb.

Malyure hesab edir ki, Tramp qeyri-qanuni fərmanlar vermək, ona qarşı çıxa biləcək hakimləri işdən çıxarmaq və hərbçilər arasında təmizləmələr aparmaqla ABŞ-də hakimiyyəti qəsb etməyə çalışır.

“Səkkiz gün əvvəl Tramp Ağ Evdə Makronun kürəyini şapıldadarkən, ABŞ Rusiya və Şimali Koreya ilə birlikdə BMT-də Avropanın rus qoşunlarının çıxarılması tələbinə qarşı səs verirdi. İki gün sonra Oval kabinetdə “ordudan yayınmış” Tramp müharibə qəhrəmanı Zelenskiyə mənəvi və strateji öyüd verdi, sonra “tabe ol, ya da çıx get” deyərək sanki onu fərsiz lakey kimi yolladı. Daha sonra o, artıq vəd edilmiş silah tədarükünü dayandırmaqla daha da irəli getdi. Bu xəyanətə necə reaksiya vermək olar? Cavab sadədir: düşməni dəf etməklə. Əvvəla, səhv etməyin. Ukraynanın məğlubiyyəti Avropanın məğlubiyyəti olacaq”, - deyə Malyure nəzərə çatdırıb. 

Senatorun fikrincə, Putin Avropa ölkələrini hədəfə götürüb və Avropanın yarısının Stalinə verildiyi Yaltaya qayıtmaq istəyir.

Malyure bildirib ki, Putin ABŞ və müttəfiqləri tərəfindən 80 il əvvəl qurulmuş nizamı məhv etməyə çalışır. Həmin nizamın əsas prinsipi ərazilərin güc yolu ilə ələ keçirilməsinin qadağan edilməsidir, “trampizm” isə böyük güclərin kiçik ölkələrin taleyini həll etdiyi təsir dairələrinə qayıtmaq istəyən Putinin dünyagörüşü ilə üst-üstə düşür.

Senator Ukraynaya silah tədarükünü sürətləndirməyə və 1945-ci ildən sonra tərk edilmiş və SSRİ-nin dağılmasından sonra sarsıdılmış Avropa müdafiəsini yaratmağa çağırıb. O, həmçinin qeyd edib ki, istənilən sülh sazişi oğurlanmış uşaqların geri qaytarılmasını, əsirlərin azad edilməsini və mütləq təhlükəsizlik təminatlarını təmin etməlidir.

Xatirə SADİQ