Vaşinqton bu beynəlxalq təşkilatla razılaşmır
ABŞ “Amnesty International” beynəlxalq insan haqları təşkilatının Qəzza zolağında soyqırım törətməkdə İsraili ittiham edən nəticələri ilə razılaşmır.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
Dövlət Departamentinin bu bəyanatı “Amnesty International”ın İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini iddia edən hesabatının dərcindən sonra verilib.
“Biz bu tip hesabatların nəticələri ilə razılaşmırıq. Biz əvvəllər (İsrailin) soyqırım ittihamlarının heç bir əsası olmadığını bəyan etmişik və davam etdiririk. Bununla belə, “Amnesty İnternational” kimi vətəndaş cəmiyyəti təşkilatlarının, eləcə də insan haqları qrupları və qeyri-hökumət təşkilatlarının Qəzzada baş verənlərlə bağlı məlumat və təhlillərin verilməsində mühüm rol oynadığını qəbul etmək vacibdir”, - Patel bildirib.
Onun sözlərinə görə, bu hesabat Qəzzada humanitar vəziyyətlə bağlı davam edən narahatlığı dəyişdirmir: “Biz hər mərhələdə İsrail üçün beynəlxalq humanitar hüquqa hörmət etməsinin mənəvi və strateji prioritet olduğunu vurğulamağa davam edirik. Əgər biz həqiqətən Qəzzada humanitar şəraitin yaxşılaşdırılmasını, qalan girovları evlərinə qaytarmaq və bu münaqişəyə son qoymaq istəyiriksə, ən yaxşı addım hər iki tərəfin müharibəni bitirmək üçün razılığa gəlməsidir. Biz məhz bunda diqqətimizi cəmləşdirməyə davam edirik”.
Xatirə SADİQ