Viktor Orban Azərbaycana hansı yaxşılığı edib? - Unutmamalı olduğumuz FAKT
Bu gün keçirilən parlament seçkilərində məğlub olması ilə faktiki olaraq hakimiyyətdən gedəcəyi qətiləşən Viktor Orban Avropanın nüfuzlu siyasətçilərindəndir.
Onun məğlubiyyəti dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda məmnunluqla qarşılanır. Bununla belə, çox da uzaq olmayan keçmişdə baş verən bir olayın xatırlanması bəs edər ki, Viktor Orbanı Azərbaycanın dostu adlandıraq.
Söhbət 2012-ci ildə baş verən Ramil Səfərovun Azərbaycana qaytarılması prosesindən gedir. Bu hadisə təkcə hüquqi prosedur kimi deyil, həm də siyasi qərar kimi qiymətləndirilməlidir.
Əsas sual isə dəyişmir: Bu prosesdə Viktor Orbanın rolu nə idi?
2004-cü ildə Budapeştdə erməni zabit Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərov ömürlük həbs cəzasına məhkum edilir və cəzasını bu ölkədə çəkməyə başlayır. İllər ərzində Azərbaycan tərəfi onun vətənə qaytarılması üçün diplomatik səylər göstərirdi. Bu isə beynəlxalq konvensiyalar çərçivəsində mümkün idi.
Fotoda Ramil Səfərov
2012-ci ilin 31 avqustunda Macarıstan hökuməti gözlənilmədən Səfərovun Azərbaycana verilməsi barədə qərar qəbul edir. Bu addım Viktor Orbanın rəhbərlik etdiyi hökumətin qərarı idi və rəsmi olaraq beynəlxalq hüquqa əsaslanırdı. Macarıstan tərəfi bildirirdi ki, məhkum cəzasını Azərbaycanda davam etdirəcək. Lakin Ramil Səfərov Bakıya çatdığı gün əfv edilərək azad edildi. Bu qərar beynəlxalq aləmdə ciddi narazılıq yaratdı. Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsdi, bir sıra ölkələr isə Budapeştin addımını sərt şəkildə tənqid etdi.
Hadisə qısa müddətdə siyasi qalmaqala çevrildi və uzun müddət gündəmdən düşmədi.
Düzdür, formal olaraq ekstradisiya hökumətin kollegial qərarı idi və Baş nazirin birbaşa fərdi addımı sayılmır. Amma siyasi reallıq fərqlidir. Qərar Viktor Orban hakimiyyəti dövründə verildiyi üçün məsuliyyət də onun və hökumətinin üzərində qalır.
Beləliklə, Azərbaycanın dostu seçkiləri uduzdu, amma biz onu heç zaman unutmayacağıq...
Səlcuq
SAVASHMEDİA.az