“Xaliq Faiqoğlu” MMC sürücülərə kondisioner qadağası qoyub? - Şikayətlər artır

“Xaliq Faiqoğlu” MMC- yə məxsus 65 nömrəli avtobusda kondisioner qoşulmur”.

Jun 10, 2026 - 18:02
Jun 10, 2026 - 18:18
“Xaliq Faiqoğlu” MMC sürücülərə kondisioner qadağası qoyub? - Şikayətlər artır

SAVASHMEDİA.az xəbər verir ki, bunu Kənan Quluzadə adlı sərnişin bildirib.

O iddia edib ki, hətta buna görə sürücü ilə sərnişinlər arasında insident də yaşanıb:

“Şikayətim “Xaliq Faiqoğlu" MMC- yə məxsus 65 nömrəli avtobusla bağlıdır. Şəhərdəki ən dolu marşrut xətlərindən birinə sahibdirlər, amma iyun ayına rəğmən, kondisionerlərdən istifadə olunmur. Keçən həftə buna görə sərnişinlərlə insident yaşandı. Tıxacda və hədindən artıq sıxlıq şəraitində sürücü kondisioneri qoşmadı və avtobus hərəkətinə davam etdi”.

Şikayətçi haqlı olaraq sual verib ki, hər gün yüzlərlə sərnişin daşıyan avtobusda isti havada kondisioner niyə qoşulmur:

“Adicə yük daşımada belə yay gələndə kondisioneri işləməyən nəqliyyat vasitələri reysə buraxılmır. Amma hər gün yüzlərlə adam daşıyan avtobus kondisionerdən niyə istifadə etmir?”.

Xatırladaq ki, bu, “Xaliq Faiqoğlu” MMC-dən ilk şikayət deyil. Müxtəlif illərdə mediada “Xaliq Faiqoğlu” MMC- yə məxsus marşrut avtobuslarından, onların intervala uyğun hərəkət etməmələrindən, saatlarla yaşanan gecikmələrdən (77, 85 saylı marşrut xətti və.s.), sürücülərinin sərnişinlərin enməsini gözləmədən qapını bağlayaraq onlara xəsarət yetirməsindən və nəzakətsiz davranışlarından dəfələrlə şikayət yazıları dərc olunub. Məsələn, ötən ay da  “Xaliq Faiqoğlu” MMC-yə məxsus marşrut xətlərindən birində sürücü fiziki məhdudiyyətli sərnişin üçün pandusu açmaqdan imtina etmişdi. Digər sərnişinlərin və polisin müdaxiləsindən sonra sürücü pandusu açmağa məcbur qalmışdı.

Şirkətin adı müştəri şikayətləri ilə yanaşı öz sürücülərinin ezamiyyə pulunun ödənməməsi ilə bağlı qalmaqalda da hallanıb. Sürücülər bildiriblər ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov mediaya verdiyi müsahibədə Vətən Müharibəsi zamanı cəbhəyə göndərilən bütün sürücülərinin və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanmasının şirkət tərəfindən tam təmin edildiyini desə də, onlara ezamiyyə xərcləri ödənilməyib.

Banu