Yağışlara görə məktəblər bağlanır? - "Onlayn təhsilə keçilməlidir"
"Hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib addımdır".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.
O, hesab edir ki, xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir:
"Məsələn, bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Halbuki, bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür".
Ekspert fövqəladə hallarla bağlı dünya ölkələrinin təhsil təcrübəsini də xatırladıb:
"Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər. Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir.
Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq".
Səlcuq