Yaraqlılar Hələbə girəndə Bəşər Əsədin böyük oğlu Moskvada imiş - FOTO
Müxalifət qüvvələri Hələb şəhərinə hücum edərkən Suriya prezidenti Bəşər Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində (MDU) namizədlik dissertasiyası müdafiə edirmiş.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ali Attestasiya Komissiyasının saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, noyabrın 29-da Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri namizədi Hafiz Əl-Əsədin dissertasiyasının müdafiəsi keçirilib.
Rus dilində yazılmış, analitik və cəbri ədədlər nəzəriyyəsinə həsr edilmiş dissertasiya 98 səhifədən ibarətdir. Suriyalının elmi rəhbəri Vladimir Çubarikov, həm də opponentləri: Moskva Dövlət Universiteti, Tula Dövlət Universiteti və Tacikistan Elmlər Akademiyasının elmlər doktorları Hafiz Əsədə akademik dərəcə verilməsini tövsiyə ediblər.
Əl-Əsəd dissertasiyasının son sözündə vətəni Suriyanın şəhidlərinə və ilk növbədə Suriya Ərəb Ordusunun şəhidlərinə minnətdarlığını bildirib.
“Hesab edirəm ki, müdafiə yaxşı keçdi, hamı yekdilliklə lehinə səs verdi – ona fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verildi. Ən əsası odur ki, bu elm sahəsinə ciddi töhfə verən əla nəticə əldə edilib”, - deyə Çubarikov bildirib.
Professor qeyd edib ki, Hafiz Əsədin müdafiəsində anası, babası və nənəsi iştirak ediblər.
Bəşər Əsədin üç övladı var: Hafiz, Zeynə və Kərim. Böyük oğula babası, Suriyanın keçmiş prezidenti Hafiz Əsədin adı verilib. Hafiz Əsədin Rusiyaya təhsil almağa gedəcəyi 2016-cı ildə məlum olub. O, Malayziyada keçirilən Riyaziyyat Olimpiadasının qalibidir. Keçən yay Hafiz Əsəd MDU-nu fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
Xatirə SADİQ