Zelenski amerikalı həmkarının mövqeyinin dəyişdiyini etiraf etdi

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna müharibəsinə münasibətinin dəyişdiyini təsdiqləyib.

Sep 24, 2025 - 14:22
Zelenski amerikalı həmkarının mövqeyinin dəyişdiyini etiraf etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Fox news telekanalına müsahibəsində etiraf edib.

Trampın dəfələrlə Ukrayna və Rusiya arasında istənilən sülh sazişinin Ukrayna ərazilərinin Rusiyanın xeyrinə itirilməsi ilə bağlı olacağını dediyini xatırladan aparıcı Zelenskidən bu reallığı qəbul edib-etmədiyini və ümumiyyətlə, hansı güzəştlərə getməyə hazır olduğunu soruşub. 

Zelenski isə bildirib ki, ərazi mübadiləsinin aparılması ədalətli ola bilməz. “İlk növbədə, mühümdür ki, bizim prezident Trampla yaxşı söhbətimiz oldu. Və mən düşünürəm ki, o, bu gün başa düşür ki, biz sadəcə ərazilərimizi mübadilə edə bilmərik. Bu, ədalətli deyil”. 

Aparıcının “Trampın mövqeyinin bu gün dəyişdiyini hesab edirsinizmi” sualına Zelenski “hə” cavabını verib. 

“Bəli, mən belə hesab edirəm. Allah eləsin, mən buna çox ümid edirəm ki, onun bizim ərazi və suverenlik məsələlərimizə dair yanaşması belə qalacaq”, - deyə Ukrayna prezidenti bildirib.
 
Xatirə SADİQ