Zelenski Ağ Evdəki həmin xəritədən danışdı - "Dedim, səhvlər var"

Ukrayna prezidenti Volodimir Zelenski yerli jurnalistlərə amerikalı həmkarı Donald Trampla hərbi əməliyyatlar xəritəsi, Donbass və Krım haqda söhbətindən danışıb.

Aug 21, 2025 - 13:21
Zelenski Ağ Evdəki həmin xəritədən danışdı - "Dedim, səhvlər var"

SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi işğal olunmuş ərazilər, hərbi əsirlər və oğurlanmış uşaqlarla bağlı məlumatları əks etdirən xəritələrə malik olsa da, izahat üçün o, ABŞ-nin hazırladığı xəritədən istifadə edib.

“Mən qeyd etdim ki, Donetsk vilayəti ilə bağlı müəyyən səhvlər var. Orada haradasa yazmışdılar ki, rayonun 73 faizi işğal olunub. Mən isə qeyd etdim ki, 73 faiz yox, 67 və ya 69 faizdir. Sumı rayonunda isə cəmi 1 faiz işğal olunub”, - Ukrayna prezidenti vurğulayıb.

Zelenski onu da vurğulayıb ki, Ukrayna qoşunlarının Şərqdən çıxarılması Xarkov və Dneprə yol açardı: “Bu, ölkəmizin sağ çıxması, ən güclü müdafiə xətləri, sənaye mərkəzlərinə olan məsafələr məsələsidir. Əgər Putin bunu alsa, daha da irəli getməyə çalışacaq”, - deyə o, xəbərdarlıq edib.

Ukrayna prezidenti diqqətə çatdırıb ki, Krımla bağlı vəziyyəti Trampla ayrıca müzakirə edib. “O, yeri gəlmişkən, dedi ki, onun fikrincə, Ukraynanın Krımdan çıxması böyük səhv olub. O qeyd etdi ki, Krım genişmiqyaslı müharibə üçün açardır”, - Ukrayna lideri danışıb.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Krımın və Donbasın bir hissəsinin işğalı 2014-cü ildə baş verməsəydi, Putin genişmiqyaslı müharibəyə başlamazdı.

Xatirə SADİQ