Zelenski Aİ-nin 18-ci sanksiyalar paketini alqışladı

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ)Rusiyaya qarşı yeni sanksiyalarını, xüsusilə də neftin qiymətinin bir barel üçün tavanının 46 dollara endirlməsini alqışlayıb. 

Jul 18, 2025 - 12:44
Zelenski Aİ-nin 18-ci sanksiyalar paketini alqışladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb. 

“Aİ Rusiya neftinə daha sərt qiymət həddi tətbiq edir – bir barel üçün təxminən 46 dollar. Dünyadakı digər tərəfdaşlarla koordinasiyada biz çalışacağıq ki, qiymət həddi Rusiyanın gəlirlərini həqiqətən azaltsın. Bu, mümkündür. Biz artıq necə təzyiq göstərəcəyimizi bilirik”, - deyə Ukrayna lideri vuğulayıb.

O, 18-ci sanksiyalar paketini təsdiqlədiyi üçün Aİ-yə təşəkkür edib: “18-ci sanksiya paketi Rusiya tanker donanmasına təzyiq göstərməkdə davam edir və təkcə gəmilərin özlərinə deyil, həm də “kölgə donanması”nın kapitanlarına və neft hesabına qətllərin maliyyələşdirilməsinə kömək edən şirkətlərə təzyiq göstərir. Biz bu təzyiqi davam etdirəcəyik”.

Ukrayna prezidenti Aİ-nin “Şimal axını” qaz kəmərləri ilə bağlı istənilən tranzaksiyanı qadağan etmək qərarına ayrıca diqqəti cəlb edib. O, xatırladıb ki, bu kəmərin tikintisi “Putinin genişmiqyaslı müharibəyə hazırlığının bir hissəsi olub”.

“Rusiya müharibəsinin bütün infrastrukturu bloklanmalıdır. Operativ şəkildə Avropa sanksiyalarının Ukraynada sinxronizasiyasını hazırlayırıq və sanksiyalarla bağlı həm tərəfdaşlar səviyyəsində, həm də Ukrayna yurisdiksiyasında yeni qərarlar hazırlayırıq”, - deyə Zelenski əlavə edib. 

Xatirə SADİQ